Gənc ailələrə dövlət dəstəyi: Yeni uçot sistemi hansı imkanları yaradacaq?

Gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun təmin edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması və ailə rifahının yüksəldilməsi Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindəndir. Gənclərin cəmiyyətin ictimai, iqtisadi və sosial həyatında fəal iştirakına şərait yaradılması ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas elementlərindən biridir.

Azərbaycanda gənclərin təhsil alması, peşə bacarıqlarına yiyələnməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olması, mənzil əldə etməsi və sosial problemlərinin həlli istiqamətində müxtəlif dövlət proqramları və layihələr həyata keçirilir. Bu tədbirlərin daha geniş əhali qruplarını əhatə etməsi və real ehtiyaclara uyğun təşkili isə etibarlı informasiya bazasının mövcudluğunu zəruri edir.

Bu baxımdan ev təsərrüfatlarının uçotunun təkmilləşdirilməsi və rəqəmsallaşdırılması dövlətin gənclərə, xüsusilə gənc ailələrə göstərdiyi dəstəyin daha məqsədyönlü, ünvanlı və əhatəli olması üçün yeni imkanlar yaradacaq.

Dövlətin gənclər siyasətində sosial rifah amili

Azərbaycanda dövlət gənclər siyasəti yalnız gənclərin ictimai fəallığının artırılması ilə məhdudlaşmır. Bu siyasət onların iqtisadi müstəqilliyinin təmin edilməsini, sosial müdafiəsinin gücləndirilməsini, sağlam ailə mühitinin formalaşdırılmasını və gələcəyə inamının artırılmasını da əhatə edir.

“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda aztəminatlı gənc ailələrin sosial müdafiəsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Qanunvericilikdə gənc ailələrin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə müəyyən edilmiş qaydada güzəştli ipoteka kreditlərinin və güzəştli mənzillərin verilməsi də nəzərdə tutulur.

Gənclərin ailə qurduqdan sonra qarşılaşdıqları sosial və iqtisadi məsələlərin həlli xüsusi əhəmiyyət daşıyır. Mənzil təminatı, sabit gəlir mənbəyinin formalaşdırılması, uşaqların sağlamlığı və təhsili, əmək bazarına çıxış imkanları gənc ailələrin rifahına birbaşa təsir göstərən amillərdir.

Lakin bütün gənc ailələrin sosial vəziyyəti və ehtiyacları eyni deyil. Bir ailənin əsas problemi mənzil təminatı ilə bağlıdırsa, digər ailə üçün məşğulluq, peşə hazırlığı, uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi və ya sahibkarlıq fəaliyyətinə başlamaq daha aktual ola bilər.

Məhz bu fərqlərin müəyyənləşdirilməsi dövlət dəstəyinin daha səmərəli təşkilinə imkan verə bilər.

Hər bir gənc ailənin real sosial vəziyyəti müəyyənləşdiriləcək

Daha əvvəl də yazdığımız kimi, ev təsərrüfatlarının uçotunun əsas məqsədi əhalinin faktiki yaşayış və sosial-iqtisadi vəziyyəti haqqında dolğun məlumatların əldə edilməsidir.

Bu proses gənclər və gənc ailələrlə bağlı dövlət siyasətinin həyata keçirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Ev təsərrüfatlarının dəqiq və etibarlı uçotu nəticəsində ölkənin müxtəlif yaşayış məntəqələrində məskunlaşan gənc ailələrin sosial vəziyyətini daha ətraflı qiymətləndirmək mümkün olacaq.

Hansı ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına, hansı ailənin məşğulluq imkanlarının genişləndirilməsinə, hansının sosial müdafiə tədbirlərinə ehtiyac duyduğunu müəyyənləşdirmək asanlaşacaq. Ailə üzvlərinin sayı, yaş strukturu, məşğulluq vəziyyəti, yaşayış şəraiti və təsərrüfat imkanları barədə məlumatlar aidiyyəti dövlət qurumlarının daha əsaslandırılmış qərarlar qəbul etməsinə şərait yaradacaq.

Beləliklə, gənc ailələrə münasibətdə ümumi statistik göstəricilərlə yanaşı, onların fərdi ehtiyaclarının da nəzərə alınması imkanları genişlənəcək.

Dövlət dəstəyi hər bir ailənin ehtiyacına uyğunlaşdırılacaq

Gənc ailələrin sosial müdafiəsində əsas məsələlərdən biri mövcud dəstək mexanizmlərinin ehtiyacı olan şəxslərə vaxtında çatdırılmasıdır.

Bəzən vətəndaşın mövcud dövlət proqramları barədə kifayət qədər məlumatlı olmaması, müraciət prosedurlarını bilməməsi və ya müxtəlif sənədlərin toplanması ilə bağlı çətinliklər onun dəstək imkanlarından istifadəsini məhdudlaşdıra bilər.

Ev təsərrüfatlarının uçotunun elektronlaşdırılması və digər dövlət informasiya sistemləri ilə inteqrasiyası bu istiqamətdə yeni imkanlar açacaq.

Aidiyyəti dövlət qurumları gənc ailələrin sosial vəziyyəti barədə aktual məlumatlar əsasında onların hansı dəstək mexanizmlərindən yararlana biləcəyini müəyyənləşdirmək imkanı əldə edəcəklər. Bu isə sosial xidmətlərin proaktiv təşkili üçün əlverişli zəmin yaradacaq.

Başqa sözlə, gələcəkdə yalnız vətəndaşın dövlət dəstəyi üçün müraciət etməsi deyil, dövlət qurumlarının da ehtiyac sahibi ailələri müəyyənləşdirərək onları mövcud imkanlar barədə məlumatlandırması mümkün olacaq.

Bu yanaşma xüsusilə aztəminatlı gənc ailələrin, tək valideynlərin, azyaşlı uşaqları olan ailələrin, işsiz gənclərin və ucqar yaşayış məntəqələrində məskunlaşan vətəndaşların sosial müdafiəsi baxımından əhəmiyyətlidir.

Gənclərin məşğulluğu və iqtisadi müstəqilliyi

Gənc ailələrin rifahını müəyyənləşdirən başlıca amillərdən biri onların sabit gəlir mənbəyinə malik olmasıdır.

Bu baxımdan ev təsərrüfatlarının uçotu gənclərin məşğulluq vəziyyətinin öyrənilməsinə, əmək bazarına çıxış imkanlarının qiymətləndirilməsinə və yeni iqtisadi təşəbbüslərin hazırlanmasına da töhfə verəcək.

Məsələn, müəyyən rayonda işsiz gənclərin daha çox olması həmin ərazidə peşə hazırlığı kurslarının, məşğulluq layihələrinin və yeni iş yerlərinin yaradılması ilə bağlı tədbirlərin genişləndirilməsi üçün əsas ola bilər.

Kənd yerlərində yaşayan gənc ailələrin torpaq və digər təsərrüfat resurslarına malik olması, lakin bu imkanlardan səmərəli istifadə edə bilməməsi müəyyənləşdirildikdə onların özünüməşğulluq proqramlarına cəlb edilməsi, kənd təsərrüfatı və kiçik sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində tədbirlər planlaşdırıla bilər.

Eyni zamanda, azyaşlı uşaqlarına qulluq etməsi səbəbindən əmək fəaliyyətindən kənarda qalan gənc qadınların məşğulluğunun artırılması üçün müvafiq sosial infrastrukturun inkişaf etdirilməsi, çevik məşğulluq imkanlarının genişləndirilməsi və peşə hazırlığı proqramlarının təşkili nəzərdən keçirilə bilər.

Bu cür yanaşma gənc ailələrin yalnız sosial yardımla təmin olunmasına deyil, onların uzunmüddətli iqtisadi müstəqilliyinin formalaşdırılmasına da xidmət edəcək.

Gənc ailələrin mənzil təminatında yeni planlaşdırma imkanları

Gənclərin ailə qurması və müstəqil həyata başlaması baxımından mənzil təminatı mühüm sosial məsələlərdən biridir.

Ev təsərrüfatlarının uçotu nəticəsində gənc ailələrin faktiki yaşayış şəraitinin öyrənilməsi mənzil siyasətinin daha dəqiq məlumatlar əsasında formalaşdırılmasına imkan verə bilər.

Gənc ailələrin nə qədərinin müstəqil mənzildə, kirayədə və ya valideynləri ilə birlikdə yaşaması, yaşayış sahəsinin ailənin tərkibinə uyğunluğu kimi göstəricilərin təhlili mənzilə olan real tələbatın qiymətləndirilməsində əhəmiyyətli rol oynayacaq.

Əldə olunan məlumatlar güzəştli mənzil və ipoteka mexanizmlərinin inkişaf etdirilməsi, gələcək layihələrin coğrafiyasının müəyyənləşdirilməsi və müxtəlif sosial kateqoriyalara aid gənc ailələrin ehtiyaclarının nəzərə alınması üçün əlavə informasiya mənbəyi olacaq.

Bu, həmçinin regionlarda gənclərin məskunlaşmasının təşviqi, daxili miqrasiya proseslərinin öyrənilməsi və paytaxta əhali axınının səbəblərinin daha ətraflı təhlil edilməsi baxımından əhəmiyyətlidir.

Dövlət qurumları vahid məlumat bazasından yararlanacaq

2027-ci ildən ev təsərrüfatlarının uçotunun tam elektron formada aparılması, məlumatların vahid sistemdə toplanması və Elektron Hökumət İnformasiya Sistemi ilə inteqrasiyası nəzərdə tutulur. Vətəndaşların öz təsərrüfatlarına dair məlumatlarla “mygov” platformasında tanış olması da mümkün olacaq.

Formalaşdırılacaq və mütəmadi yenilənəcək məlumat bazasının dövlət qurumları tərəfindən öz səlahiyyətləri çərçivəsində istifadəsi sosial sahədə həyata keçirilən tədbirlərin əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyacaq.

Gənclər və idman, əmək və sosial müdafiə, təhsil, səhiyyə, mənzil təminatı, kənd təsərrüfatı və regional inkişaf sahələrində fəaliyyət göstərən dövlət qurumları müvafiq proqram və layihələri hazırlayarkən daha dəqiq göstəricilərə əsaslana biləcəklər.

Məsələn, gənc ailələrin sıx məskunlaşdığı ərazilərdə uşaq bağçalarına, məktəblərə, tibb müəssisələrinə, idman və istirahət mərkəzlərinə olan tələbatın müəyyənləşdirilməsi asanlaşacaq.

Bununla yanaşı, dövlət qurumlarının fəaliyyətində təkrarçılığın azaldılması, resursların daha səmərəli bölüşdürülməsi və müxtəlif istiqamətlər üzrə həyata keçirilən sosial layihələrin bir-birini tamamlaması üçün imkan yaranacaq.

Məlumatların mütəmadi yenilənməsi isə qəbul edilən qərarların yalnız əvvəlki illərin statistik göstəricilərinə deyil, mövcud sosial-iqtisadi vəziyyətə əsaslanmasına şərait yaradacaq.

Təbii ki, fərdi məlumatların istifadəsi qanunvericiliyin tələblərinə uyğun olaraq, onların məxfiliyi və təhlükəsizliyi qorunmaqla həyata keçirilməlidir.

Dövlət proqramlarının nəticələrini qiymətləndirmək mümkün olacaq

Ev təsərrüfatlarının uçotunun digər mühüm üstünlüyü həyata keçirilən sosial-iqtisadi tədbirlərin nəticələrinin qiymətləndirilməsi imkanlarının genişlənməsidir.

Gənc ailələrə yönələn dövlət proqramlarının effektivliyi yalnız həmin proqramlara cəlb olunan şəxslərin sayı ilə deyil, onların həyatında baş verən müsbət dəyişikliklərlə də ölçülməlidir.

Dövlət dəstəyindən yararlanan gənc ailənin məşğulluq vəziyyəti yaxşılaşıbmı? Onun iqtisadi imkanları genişlənibmi? Mənzil şəraitində dəyişiklik baş veribmi? Ailənin sosial xidmətlərə çıxışı asanlaşıbmı?

Mütəmadi yenilənən məlumat bazası bu suallara daha əsaslandırılmış cavabların tapılmasına kömək edə bilər.

Nəticədə uğurlu layihələrin əhatə dairəsinin genişləndirilməsi, gözlənilən nəticəni verməyən mexanizmlərin təkmilləşdirilməsi və yeni sosial təşəbbüslərin hazırlanması üçün etibarlı əsas formalaşacaq.

Gənc ailələrin rifahı ölkənin gələcəyinə qoyulan sərmayədir

Gənc ailələrin sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılması yalnız ayrı-ayrı vətəndaşların rifah məsələsi deyil. Bu, ölkənin demoqrafik inkişafı, insan kapitalının gücləndirilməsi, regionların dayanıqlı inkişafı və gələcək nəsillərin sağlam sosial mühitdə yetişməsi baxımından strateji əhəmiyyət daşıyır.

Sabit işi, münasib yaşayış şəraiti və gələcəyə inamı olan gənclərin ailə qurmaq, övlad sahibi olmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və cəmiyyətin inkişafına töhfə vermək imkanları daha geniş olur.

Bu mənada ev təsərrüfatlarının uçotuna yalnız statistik məlumatların toplanması prosesi kimi yanaşmaq düzgün olmazdı. Bu, dövlətin vətəndaşların gündəlik həyatını, sosial ehtiyaclarını və inkişaf potensialını daha yaxından öyrənməsinə imkan verən mühüm idarəetmə vasitəsidir.

Dəqiq, etibarlı və aktual məlumatlar əsasında həyata keçirilən gənclər siyasəti dövlət dəstəyinin ünvanlılığını artırmaqla yanaşı, daha çox gəncin mövcud imkanlardan yararlanmasına şərait yaradacaq.

Əsas məqsəd hər bir gənc ailənin ehtiyaclarının görünən olması, həmin ehtiyaclara uyğun dəstək mexanizmlərinin formalaşdırılması və dövlətin həyata keçirdiyi sosial siyasətin nəticələrinin vətəndaşların gündəlik həyatında daha aydın hiss edilməsidir.