Si Cinpin ABŞ-a qarşı çip sahəsində cavab tədbirlərini təxirə salıb

Çin ABŞ-a bəzi kritik mineralların ixracına qoyulan qadağanın dayandırılması müddətini uzadıb və Vaşinqtonun çip istehsalı sahəsində tətbiq etdiyi son məhdudiyyətlərə cavab tədbirləri görməkdən çəkinib. Bloomberg yazır ki, qərar ABŞ Prezidenti Donald Trampın Censen Huanqın Nvidia-nın rəhbəri vəzifəsinə qayıtmasına kömək etməsindən cəmi bir neçə saat sonra qəbul olunub.

Çinin Ticarət Nazirliyi çərşənbə axşamı ABŞ-a qalium, germanium və sürmə tədarükünə qoyulan qadağanın dayandırılması qərarını qüvvədə saxlayıb. Müddəti cümə günü başa çatmalı olan tədbir yanvarın 27-dək uzadılıb. Bu materiallardan yarımkeçiricilərdən tutmuş peyklərə və hərbi texnikaya qədər geniş çeşiddə məhsulların istehsalında istifadə olunur.

Qərar Donald Tramp ilə Çin Sədri Si Cinpinin ötən həftə Şençjendə keçirilən görüşündən sonra əldə olunmuş kövrək ticarət atəşkəsinin əsas şərtlərindən birini qoruyub saxlayır.

Münasibətlərin yumşalmasının digər göstəricisi China Southern Airlines aviaşirkətinin təxminən 7,4 milyard dollar dəyərində 50 ədəd Boeing 737-8 təyyarəsi almaq barədə razılaşması olub.

Çin kritik mineralların ABŞ-a ixracına ilk dəfə 2024-cü ilin dekabrında qadağa qoyub. Bu addım Bayden administrasiyasının yarımkeçirici texnologiyalar sahəsində məhdudiyyətləri genişləndirməsinə cavab olaraq atılmışdı. Ötən ilin noyabrında Donald Tramp və Si Cinpin Cənubi Koreyada ticarət atəşkəsi barədə razılığa gəldikdən sonra qadağanın tətbiqi dayandırılmış, bu qərarın 27 noyabr 2026-cı ilədək qüvvədə qalacağı bildirilmişdi.

Müddətin uzadılması qərarı bu tədbiri yanvaradək qüvvədə olan ticarət razılaşmasının digər şərtləri ilə uyğunlaşdırıb. Həmin şərtlərə gömrük rüsumlarının yumşaldılması, eləcə də Çinin nadir torpaq metalları üzrə əlavə ixrac məhdudiyyətlərinin tətbiqini müvəqqəti dayandırması daxildir. Sonuncu tədbirin müddəti yanvarın 10-da başa çatacaq.

Çinin kritik mineralların tədarük zəncirindəki üstün mövqeyi ötənilki ticarət müharibəsi zamanı güclü təzyiq vasitəsinə çevrilib. Pekinin tətbiq etdiyi ixrac məhdudiyyətləri Vaşinqtonu güzəştlərə getməyə məcbur edib.

ABŞ Geoloji Xidmətinin 2025-ci il üzrə hesablamalarına görə, aşağı təmizlik dərəcəsinə malik ilkin qaliumun dünya üzrə istehsalının 99%-i, təbii qrafit hasilatının təxminən 80%-i və sürmə hasilatının 36%-i Çinin payına düşür. Qurumun məlumatına əsasən, Çin 2025-ci ildə metal germaniumun da dünyanın aparıcı istehsalçısı və ixracatçısı olub. Lakin ölkənin bu bazardakı dəqiq payı açıqlanmayıb.