Möhtərəm cənab Prezident,
Sizə, qədim Şəki torpağından dərin hörmət və səmimi minnətdarlıq hissi ilə yazıram. Mən, bir Azərbaycan vətəndaşı olaraq, ölkəmizin inkişafı, xalqımızın rifahı və dövlətimizin daha da qüdrətlənməsi yolunda gördüyünüz misilsiz işləri böyük qürur hissi ilə izləyirəm. Sizin müdrik rəhbərliyiniz və qətiyyətiniz sayəsində Azərbaycan bu gün tarixinin ən şanlı və qüdrətli dövrünü yaşayır. Bu gün dünyanın aparıcı dövlətlərində belə insanların dinc və sabit yaşamaqda çətinlik çəkdiyi bir dövrdə Sizin ölkəmizi bu cür əmin-amanlıq, sabitlik və rifah içində idarə etməyiniz böyük təşəkkürə layiqdir. Siz müdrik və uzaqgörən şəxsiyyətsiniz.
Torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması hər birimizə başucalığı və sonsuz sevinc bəxş etmişdir. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı, o cümlədən doğma Şəkimizdə aparılan abadlıq-quruculuq işləri, sadə vətəndaşların firavan yaşamasına göstərdiyiniz daimi diqqət və qayğı bizi ürəkdən sevindirir.
Cənab Prezident, biz də xalq olaraq Sizin ətrafınızda sıx birləşmişik və ölkəmizin gələcəyi naminə həyata keçirdiyiniz bütün işləri ürəkdən dəstəkləyirik.
Uca Allah Sizi və ailənizi qorusun.
Dövlətimizin və xalqımızın rifahı naminə apardığınız şərəfli fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
Asif Mustafayev
Azərbaycan Respublikası, Şəki şəhəri.