Nyu-Yorkda keçirilən incəsənət hərracları mövsümün ən böyük satışlarından biri ilə yadda qalıb.
Vasili Kandinskinin 1922–1923-cü illərdə çəkdiyi "Betonte Ecken" əsəri “Christie's” hərracında 85,78 milyon dollara satılıb.
Bu məbləğ rəssamın əsərləri üçün indiyədək qeydə alınmış ən yüksək satış qiyməti hesab olunur.
Kandinskinin abstrakt sənətin inkişafında mühüm rol oynayan əsərləri uzun illərdir beynəlxalq kolleksiyaçılar və muzeylər arasında böyük maraq doğurur. "Betonte Ecken" əsərinin qiyməti də rəssamın yaradıcılığına olan tələbin hələ də yüksək olduğunu göstərir. Hərracın nəticəsi onun əvvəlki rekordunu xeyli geridə qoyub.
“Christie's”in Nyu-Yorkda keçirdiyi həftəlik canlı satışların ümumi məbləği 967,2 milyon dollara çatıb. Beləliklə, bir həftə ərzində keçirilən hərracların nəticəsi bir milyard dollara yaxınlaşıb. Bu rəqəmlər yüksək qiymətli incəsənət əsərlərinin qlobal bazarda hələ də böyük investisiya vasitəsi kimi qəbul edildiyini göstərir.