Bakı Dövlət Universitetində (BDU) yeni rektor təyinatı ilə bağlı müzakirələr ali təhsil ocağında gözlənilən mümkün islahatları yenidən gündəmə gətirib. Xüsusilə Məleykə Abbaszadənin ilk addımlarından birinin universitetdə imtahan sisteminin dəyişdirilməsi olacağı ilə bağlı səslənən fikirlər təhsil ictimaiyyətinin diqqət mərkəzindədir. Cəmiyyətdə və tələbələr arasında hazırkı qiymətləndirmə mexanizmlərinin tələbələrin real bilik və bacarıqlarını nə dərəcədə əks etdirməsi ilə bağlı müxtəlif suallar yaranır.

Eyni zamanda, mümkün dəyişikliklərin hansı istiqamətdə aparılacağı və tədrisin keyfiyyətinə necə təsir edəcəyi maraq doğurur. Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri kimi qiymətləndirmə sahəsində böyük təcrübəyə malik olan Məleykə Abbaszadənin bu istiqamətdə hansı yeniliklər tətbiq edə biləcəyi də ciddi müzakirə olunur.

Bəs BDU-da imtahan sisteminin dəyişdirilməsi zərurəti hansı problemlərdən qaynaqlanır və yeni sistemdə nələrə üstünlük verilməlidir?

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil eksperti Şəmsi Qoca bildirib ki, BDU-da imtahan sisteminin dəyişdirilməsi zərurəti, ilk növbədə, mövcud qiymətləndirmə mexanizmlərinin tələbələrin real bilik və bacarıqlarını nə dərəcədə əks etdirməsi ilə bağlıdır:

"Əsas problemlərdən biri qiymətləndirmədə əzbərçiliyin üstünlük təşkil etməsi, tələbənin müstəqil düşünmə, təhlil və praktik tətbiq bacarıqlarının bəzən lazımi səviyyədə nəzərə alınmamasıdır. Mövcud sistemdə tələbənin semestr ərzindəki fəaliyyəti ilə imtahan nəticəsi arasında daha sağlam tarazlıq yaradılmalıdır. Yeni sistemdə davamlı qiymətləndirməyə, praktik tapşırıqlara, tədqiqat və təqdimat işlərinə, ixtisas üzrə real bacarıqların yoxlanılmasına üstünlük verilməlidir”.

Ekspert qeyd edib ki, eyni zamanda, qiymətləndirmədə şəffaflıq və obyektivlik təmin olunmalı, subyektiv yanaşmaların qarşısı alınmalıdır.

Ekspertin sözlərinə görə, Məleykə Abbaszadənin imtahan və qiymətləndirmə sahəsindəki təcrübəsi bu məsələyə yeni yanaşmaların gətirilməsi baxımından əhəmiyyətli ola bilər:

"Ancaq qəbul imtahanı ilə universitetdaxili qiymətləndirmənin fərqli proseslər olduğunu unutmamalıyıq. Mənim fikrimcə, BDU-da islahatın məqsədi sadəcə imtahan formasını dəyişmək deyil, tələbənin aldığı qiymətlə onun real biliyi və peşə hazırlığı arasında uyğunluq yaratmaq olmalıdır. Çünki universitetin uğuru verdiyi diplomların sayı ilə deyil, yetişdirdiyi mütəxəssislərin keyfiyyəti ilə ölçülür".