Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Hermes Finance” ASC “Caspian Auto Import” ASC-dəki bütün səhmlərini geri satıb.
Bu barədə “Hermes Finance” ASC-nin 19 noyabr 2026-cı il tarixli insayd məlumatında bildirilir.
Məlumata əsasən, şirkət “Caspian Auto Import” ASC-də nominal dəyəri 1 manat olan 400 min ədəd səhmini geri satıb. Bununla da “Hermes Finance” sözügedən şirkətin səhmdarları sırasından çıxıb.
“Caspian Auto Import” ASC 15 avqust 2019-cu ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 600 min manatdır. Cəmiyyətin qanuni təmsilçisi Həmid Mövsüm oğlu Mirzəyevdir.
2018-ci ildə yaradılan “Hermes Finance” ASC maliyyə lizinqi, avtomobillərin icarəsi və satışı sahələrində fəaliyyət göstərir.
Şirkətin 2026-cı ilin birinci yarısı üzrə maliyyə hesabatına əsasən, xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 40.3% artaraq 509.8 min manata çatıb.
İyunun sonuna şirkətin aktivləri illik müqayisədə 19% artaraq 20.74 milyon manat, kapitalı 69.7% artaraq 1.56 milyon manat, öhdəlikləri isə 16.2% artaraq 19.18 milyon manat təşkil edib.
“Hermes Finance” ASC-nin səhmdarları Nuranə Mehrəliyeva-Rzayeva (45%), Kamran Quliyev (45%) və Həmid Mirzəyevdir (10%). Şirkətin baş direktoru Həmid Mirzəyevdir.
Qeyd edək ki, “Hermes Finance” ASC-nin təsis etdiyi “HERMES Bank Olmayan Kredit Təşkilatı” MMC-yə Azərbaycan Mərkəzi Bankı tərəfindən 12 noyabr 2026-cı ildə BKT-52 nömrəli lisenziya verilib. Bununla da ölkədə lisenziyalı BOKT-ların sayı 52-yə çatıb.
Nizamnamə kapitalı 1 milyon manat olan yeni kredit təşkilatı 2026-cı ilin iyununda yaradılıb. Təşkilatın təkbaşına rəhbəri Həmid Mirzəyev, Müşahidə Şurasının sədri isə Emil Rzayevdir.
Həm “Hermes Finance” ASC, həm də “HERMES BOKT” MMC Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 36 ünvanında yerləşir.