Paşinyan “Tramp marşrutu” layihəsinə start verdi: Bölgədə nə dəyişəcək?

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 23-də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin praktiki icrasına başlanıldığını elan edib.

Bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Paşinyan ölkənin cənubunda yerləşən Sünik (Zəngəzur-red) vilayətində nəqliyyat infrastrukturunun tikintisi üzrə işlərə rəsmi start verib. “Biz Ermənistanın müstəqillik əldə etməsindən bəri ən böyük iqtisadi proqramına start veririk”, - deyə o bildirib.

Paşinyan layihənin başlanmasını regionun blokadadan çıxarılmasının praktiki mərhələsi kimi qiymətləndirib.

Layihə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutur. Bu çərçivədə dəmir yolları, avtomobil yolları və enerji infrastrukturu inkişaf etdiriləcək.

Layihənin icrası üçün Ermənistan və ABŞ birgə “TRIPP Development Company” şirkətini yaradacaq. Razılaşmaya əsasən, şirkətdə ABŞ-ın payı 74 faiz, Ermənistanın payı isə 26 faiz olacaq.