Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda ABŞ Prezidentinin xüsusi elçisinin sülhməramlı missiyalar üzrə baş müşaviri Ari Laytstounla görüşüb.
Bu barədə “Armenpress” Ermənistan Baş nazirinin Aparatına istinadən məlumat yayıb.
Görüş zamanı Nikol Paşinyan Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın ardıcıl şəkildə dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Baş nazir bildirib ki, praktiki icrasına bu gün başlanılan TRIPP (“Tramp marşrutu”) layihəsi iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək.
Paşinyan həmçinin Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması prosesində ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi qeyd edib.
Görüşdə Ari Laytstoun ABŞ tərəfindən Nikol Paşinyana Milli Dua Səhər yeməyində iştirak etmək və Prezident Donald Trampla görüşmək üçün dəvət təqdim edib.
ABŞ rəsmisi bildirib ki, Ermənistanın Baş naziri ilə ABŞ Prezidenti arasında keçiriləcək görüş iki ölkə arasındakı çoxşaxəli əlaqələrə yeni təkan verəcək və strateji tərəfdaşlığın gələcək inkişafına xidmət edəcək.