Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi

Almaniyanın Baden-Vürtemberq əyalətində 450-dən çox məktəb noyabrın 23-də səhər saatlarında elektron poçt vasitəsilə bomba hədəsi alıb. Polis məktəblər üçün hazırda konkret təhlükənin olmadığını açıqlayıb. Bu barədə yerli polis idarəsi məlumat yayıb.

Bildirilib ki, polis təhsil idarəsi ilə əlaqə saxlayaraq daxil olan təhdidləri qiymətləndirib. İlkin araşdırmalara əsasən, məktubları alan təhsil müəssisələri üçün konkret təhlükə müəyyən edilməyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təhdid məktublarını göndərən şəxsin və ya şəxslərin kimliyini müəyyənləşdirmək üçün araşdırma aparırlar.

Bundan əvvəl İtaliya və Böyük Britaniyada da məktəblərə kütləvi şəkildə bomba hədəsi məzmunlu elektron məktublar göndərilib. Reuters-in məlumatına görə, İtaliyada təxminən 6 300, Şimali İrlandiyada isə 300-ə yaxın məktəb belə məktublar alıb.