Yaponiyanın Baş naziri Sanae Takaiçi “Böyük yeddilik” (G7) ölkələri liderlərinin videokonfransında iştirak etməməsi səbəbindən qalmaqalın mərkəzinə düşüb.
Bu barədə Yaponiyanın “Shukan Gendai” nəşri məlumat yayıb.
Nəşrin iddiasına görə, Baş nazir oktyabrın 2-də keçirilən onlayn görüşə qatılmamasını texniki avadanlığın vaxtında hazır olmaması ilə izah edib. Lakin jurnalın mənbəsi bu açıqlamanın həqiqəti əks etdirmədiyini bildirib.
Anonim mənbənin sözlərinə görə, Takaiçi videokonfransdan əvvəl hakim Liberal Demokrat Partiyasının rəhbər şəxsləri ilə spirtli içki qəbul edib.
“Əvvəlcə o, onlayn görüş üçün lazım olan avadanlığın vaxtında hazır olmadığını söyləyərək yalan danışıb. Əslində isə bundan əvvəl Liberal Demokrat Partiyasının rəhbərləri ilə içki məclisində olub. Bu qədər asanlıqla yalan danışan şəxsin Baş nazir vəzifəsində olması diplomatik münasibətlər baxımından da problemlər yaradır”, – deyə mənbə bildirib.
Nəşr qeyd edir ki, Takaiçinin görüşdə iştirakını son anda ləğv etməsi onun həmin vaxt sərxoş vəziyyətdə ola biləcəyi ilə bağlı şübhələr yaradıb.
Bununla belə, Baş nazirin sərxoş olması barədə iddialar rəsmi şəkildə təsdiqlənməyib.