"Iveco Group" Azərbaycanın Qarabağ regionunda, o cümlədən elektrik mobilliyi sahəsində fəaliyyətini genişləndirməyə hazırdır.
Bunu "Iveco" şirkətlər qrupunun Beynəlxalq biznesə dəstək şöbəsinin rəhbəri Andrea Çommi (Andrea Ciommi) Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.
Onun sözlərinə görə, şirkət həmçinin "BakuBus"un avtobus parkının modernləşdirilməsi üzərində işləyir və Azərbaycana məktəbli və elektrik avtobuslarının tədarükündə maraqlıdır.
"Əsas çıxış zamanı Qarabağ regionunun inkişafı qeyd olundu. Biz artıq oradayıq və onun inkişafı üçün, o cümlədən elektrik mobilliyi sahəsində daha çox iş görmək istəyirik", - A.Çommi qeyd edib.
O vurğulayıb ki, "Iveco Group" Avropanın avtomobil sənayesinin aparıcı istehsalçılarından və İtaliyanın ən böyük sənaye oyunçularından biridir.
Şöbə rəhbərinin sözlərinə görə, yerli tərəfdaş "Aztecs Import" ilə əməkdaşlıq sayəsində şirkət logistika sektorunu, Azərbaycanın şəhər inkişafını və nəqliyyat sahəsinin modernləşdirilməsini dəstəkləyir.
A.Çommi qeyd edib ki, təxminən iki il əvvəl "Iveco Group" Azərbaycanda kommersiya nəqliyyatının istehsalının lokallaşdırılmasına başlayıb.
O əlavə edib ki, şirkət ölkəyə təcili tibbi yardım maşınları və zibil daşıyan maşınlar tədarük edir, həmçinin elektrik avtobuslarının istehsalının lokallaşdırılmasını dəstəkləməyə hazırdır.
"Sıx ikitərəfli əməkdaşlığımız çərçivəsində ölkənin müxtəlif dövlət strukturlarının ehtiyaclarını qarşılamaq üçün daha çox iş görməyə hazırıq", - "Iveco Group"un nümayəndəsi əlavə edib.