Xaricdə “Sabah” – “Barselona” qarşılaşmasından nə yazırlar?…

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində noyabrın 25-də Bakıda “Sabah” klubu ilə “Barselona” klubu arasında keçiriləcək qarşılaşma beynəlxalq idman mediasının diqqət mərkəzindədir.

Xarici nəşrlər Kataloniya təmsilçisini oyunun aşkar favoriti hesab etsə də, Azərbaycan çempionunun rəqib qapısına yol tapmaq imkanlarını da real sayır.

Britaniyanın “Goal” nəşri oyuna həsr etdiyi geniş təhlildə qeyd edir ki, liqa mərhələsində 31-ci pillədə qərarlaşan “Sabah” indiyədək bir qələbə qazanıb, digər üç qarşılaşmada isə məğlub olub. Materialda komandanın noyabrın əvvəlində Norveçin “Vikinq” klubuna 1:4 hesabı ilə uduzması xatırladılsa da, noyabrın 20-də “Sumqayıt” üzərində əldə edilən 5:1 hesablı qələbə xüsusi vurğulanır. Bildirilir ki, bu nəticə “bayquşlar”ın bütün turnirlərdə beş oyun davam edən qələbəsiz seriyasına son qoyub.

“Goal” yazır: “Turnirin beşinci pilləsində yer alan və doqquz xal toplayan “Barselona” Bakıya yüksək əhval-ruhiyyə ilə gedib. Hansi Flikin yetirmələri İspaniya çempionatının son turunda “Vilyarreal”ı 3:2 hesabı ilə məğlub ediblər. Kataloniyalılar həmin görüşün ilk yeddi dəqiqəsində iki qol buraxsalar da, ikinci hissədə cəmi 10 dəqiqə ərzində üç qol vuraraq əzmkar qələbə qazanıblar”.

Nəşrin diqqət çəkdiyi əsas məqam komandanın gənc ulduzu Lamin Yamalın topuğundakı narahatlıq səbəbindən Bakıya gəlməməsidir. “Goal” yazır ki, klub futbolçunu riskə atmayaraq onun istirahət etməsinə qərar verib. Yamalın həftəsonu İspaniya çempionatının oyununda meydana qayıtması gözlənilir.

Böyük Britaniyanın “Sports Mole” nəşri iki klubun tarixdə ilk dəfə üz-üzə gələcəyini vurğulayır. Nəşr “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsini klub tarixində mühüm hadisə kimi qiymətləndirir, “Slaviya” üzərindəki qələbəni və Dortmund “Borussiya”sı ilə Bakıdakı qarşılaşmanı xatırladır.

Bununla yanaşı, “Barselona”nın səfər oyunlarında müdafiə problemləri yaşadığına diqqət çəkir. “Sports Mole” yazır ki, kataloniyalılar Çempionlar Liqasının əvvəlki 12 səfər qrup və liqa mərhələsi qarşılaşmasının hər birində qol buraxıblar. Eyni zamanda, nəşr onların hücum xəttinin məhsuldarlığını əsas üstünlük hesab edir.

“Barselona”nın rəsmi saytı isə Bakı səfərinin klub tarixində Avropa turnirlərindəki ən uzun səfər olduğunu açıqlayır. Bildirilir ki, Barselona ilə Bakı arasındakı məsafə 3970 kilometrdir və əvvəlki rekord Rusiyanın Kazan şəhərinə səfərdə olub. Hansi Flikin komandası uzun məsafəni nəzərə alaraq noyabrın 25-dəki oyundan iki gün əvvəl Azərbaycana yollanıb. Klubun rəsmi açıqlamasında bu qarşılaşmanın Çempionlar Liqasının ilk səkkizliyində yer almaq hədəfi baxımından əhəmiyyəti də vurğulanır.

Statistik göstəricilər əsasında proqnozlar hazırlayan Britaniyanın “Squawka” portalı “Barselona”nın qələbə ehtimalını 65, heç-heçəni 18, “Sabah”ın qalib gəlmə ehtimalını isə 16 faiz qiymətləndirir. Nəşr hər iki komandanın qol vurması ehtimalını 64, qarşılaşmada 2,5-dən çox qol qeydə alınması ehtimalını isə 71 faiz göstərir. Portalın hesab proqnozu 3:1-dir; yəni “Barselona”nın qalib gələcəyi, lakin “Sabah”ın da rəqib qapısına yol tapacağı gözlənir.

Bolqarıstanın “Forebet” analitik portalı da kataloniyalıların qələbə çalacağını proqnozlaşdırır. Portalın hesablamasına görə, “Barselona”nın qalib gəlmə ehtimalı 56 faizdir, ən real nəticə kimi isə 3:0 hesabı göstərilir. Nəşr Kataloniya klubunun hücum potensialını əsas götürərək qarşılaşmada üçdən çox qol qeydə alınmasını da mümkün hesab edir.

Böyük Britaniyanın “Sports Mole” nəşrinin təhlilində “Sabah”ın hücumçusu Coy-Lens Mikelsin adı xüsusi qeyd olunur. Bildirilir ki, futbolçu cari mövsümdə 22 oyunda 12 qol vurub. Həmçinin Velko Simiçin zədədən əziyyət çəkdiyi və onun meydana çıxıb-çıxmayacağının oyun öncəsi qiymətləndiriləcəyi diqqətə çatdırılır. Nəşr Simiçin yoxluğunun Azərbaycan təmsilçisinin hücum potensialına ciddi təsir göstərə biləcəyini vurğulayır.

“Sports Mole” yazır: “Qarşılaşma öncəsi hər iki komandanın heyətində itkilər var. “Sabah”ın müdafiəçisi Aden Makkarti “Vikinq”lə oyunda aldığı qırmızı vərəqəyə görə cəzalıdır. “Barselona”da isə Lamin Yamal, Rodri, Andreas Kristensen, Xavi Espart və Runi Bardcinin zədə və fiziki problemlər səbəbindən qarşılaşmada iştirak etməyəcəklər. Bununla belə, kataloniyalıların rəsmi açıqladığı heyətə zədədən sonra meydana qayıtmağa hazırlaşan Pau Kubarsi də daxil edilib”.