"SOCAR-ın benzin və dizel yanacağının qiymətinə yuxarı hədd tətbiq etmək barədə qərarı İtaliya vətəndaşlarının yanacaqdoldurma məntəqələrində daha az vəsait ödəməsinə imkan yaradıb".
Oxu.az-a istinadən, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycan-İtaliya Biznes Forumunda deyib.
O, təşəkkürlərini Azərbaycan Prezidentinə bildirdiyini qeyd edib:
"SOCAR-dakı dostlarımıza da çatdırmışam. Bizim üçün bu, təkcə iqtisadi siyasətlə bağlı addım deyil, həm də heç vaxt unutmayacağımız dostluq jestidir. Bununla belə, mürəkkəb beynəlxalq şəraitdə irəliləmək və qarşımıza çıxan maneələri dəf etmək üçün güclü olmalıyıq. Azərbaycanlı dostlarımızı əmin edə bilərəm ki, İtaliya yüksəkkeyfiyyətli məhsullar ixrac edir.
İtaliya məhsullarının idxalına şərait yaratmaq Azərbaycan vətəndaşlarına yüksəksəviyyəli məhsullar təqdim etmək deməkdir. İxracımızla bağlı verə biləcəyimiz ən mühüm təminat məhz budur.
Hörmətli nazir, bu ilin ilk doqquz ayında ixracımız 5.5 faiz artıb. Ötən il isə artım 3.3 faiz təşkil edib. Gələn ilin sonunadək ixracın həcmini 700 milyard avroya çatdırmaq məqsədimizə yaxınlaşırıq.
Bu göstəricilər İtaliya məhsullarının keyfiyyətini nümayiş etdirir".