Bakıda məşhur ticarət mərkəzi bağlanır? - Təlabat azaldı

“Sədərək” Ticarət Mərkəzində alıcı sayının azalması ilə bağlı xəbərlər gündəmə gəlib. Bildirilir ki, son dövrlər ticarət dövriyyəsinin zəifləməsi sahibkarların fəaliyyətinə mənfi təsir göstərir. Bir sıra satıcılar müştəri qıtlığı səbəbindən əvvəlki gəlirlərini əldə edə bilmədiklərini, xərcləri qarşılamaqda çətinlik çəkdiklərini, bəzilər isə obyektlərini bağladıqlarənı bildirilirlər.

Bəs “Sədərək” Ticarət Mərkəzində alıcı sayı niyə bu qədər azalıb? Vəziyyət belə davam edərsə, ticarət mərkəzi bağlana bilərmi?

Məsələ ilə bağlı News24.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Sədərək” Ticarət Mərkəzində alıcı sayının azalmasının bir neçə əsas səbəbinin olduğunu bildirib. Onun sözlərinə görə, bu amillər arasında onlayn ticarətin genişlənməsi, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi və bazarda qiymət rəqabətinin artması xüsusi yer tutur.

"Müasir dövrdə insanlar gündəlik tələbatlarını qarşılamaq üçün getdikcə daha çox onlayn platformalara və sosial şəbəkələr üzərindən satış imkanlarına üstünlük verirlər. Bu platformalarda təklif olunan məhsulların qiyməti ənənəvi ticarət məkanları ilə rəqabət aparır. Üstəlik, satıcıların sifarişləri birbaşa ünvana çatdırması alıcılar üçün əlavə rahatlıq yaradır. Bakıda nəqliyyat sıxlığının artması və “Sədərək” Ticarət Mərkəzinin şəhər mərkəzindən uzaqda yerləşməsi də alıcıların seçimlərinə təsir göstərir. İnsanlar vaxt itirməmək üçün daha yaxın satış məntəqələrinə və onlayn alış-verişə üstünlük verirlər".

Ekspert qeyd edib ki, digər mühüm amil əhalinin alıcılıq qabiliyyətinin zəifləməsidir:

"İqtisadi aktivliyin səviyyəsi və ailə büdcələrində aparılan qənaət tədbirləri insanların əvvəlki həcmdə alış-veriş etməsinə mane olur. Nəticədə ticarət mərkəzinə üz tutan müştərilərin sayı da azalır. Əvvəllər “Sədərək” Ticarət Mərkəzinin əsas üstünlüklərindən biri münasib qiymətlər olub. Lakin hazırda şəhərin müxtəlif ərazilərində yeni mağazaların, ticarət obyektlərinin və alış-veriş mərkəzlərinin sayının artması, eləcə də birbaşa xaricdən məhsul sifariş etmək imkanlarının genişlənməsi rəqabəti gücləndirib. Bu şəraitdə alıcıların alış-veriş üçün uzaq məsafə qət etməsi əvvəlki qədər cəlbedici görünmür".

O hesab edir ki, mövcudvəziyyət davam edərsə, “Sədərək” Ticarət Mərkəzinin əvvəlki cəlbediciliyi getdikcə zəifləyə bilər, bu isə sahibkarları fəaliyyət istiqamətlərini və biznes formasını dəyişməyə vadar edəcək:

"Sahibkarlar alternativ ticarət məkanları axtarmalı, onlayn satış imkanlarını genişləndirməli və şəhərin daha əlçatan ərazilərində fəaliyyət göstərməyi nəzərdən keçirməlidirlər. Gələcəkdə bu cür məkanların sayının artması sahibkarların fəaliyyət yerlərini dəyişməsinə səbəb ola bilər. Belə mərkəzlərdə alıcı axınının daha çox olması, eləcə də yerləşmə və icarə şərtlərinin fərqlənməsi sahibkarlar üçün yeni imkanlar yarada bilər. Söhbət “Sədərək” Ticarət Mərkəzinin yaxın zamanda bağlanmasından getmir. Daha çox ticarət fəaliyyətinin şaxələndirilməsi, ayrı-ayrı istiqamətlər üzrə ixtisaslaşma və satış modellərinin dəyişməsi ehtimalı gündəmdədir. Bu prosesin isə qısa müddətdə deyil, aylar və illər ərzində mərhələli şəkildə baş verəcəyi gözlənilir".