Türk, rus və ingilis dillərində tərtib edilmiş xarici ali təhsil sənədlərinin Azərbaycanda tanınması üçün onların Azərbaycan dilinə tərcümə edilməsinə və notariat qaydasında təsdiqlənməsinə ehtiyac yoxdur.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, bəzi vətəndaşlar bu dillərdə hazırlanmış diplom və diploma əlavələri tərcümə etdirərək notariat qaydasında təsdiqlənmiş formada təqdim edirlər. Halbuki qüvvədə olan qaydalara əsasən, buna ehtiyac yoxdur.
Vətəndaşlar türk, rus və ingilis dillərində olan ali təhsil sənədlərini birbaşa, əlavə tərcümə və notariat təsdiqi olmadan təqdim edə bilərlər.
Bu, onların əlavə xərc və vaxt itkisinin qarşısını almağa, tanınma prosesinin daha operativ aparılmasına imkan verir.
Qeyd edilib ki, güzəşt yalnız qeyd olunan üç dilə aiddir. Digər dillərdə tərtib edilmiş sənədlər isə Azərbaycan dilinə tərcümə olunmalı və tərcümə notariat qaydasında təsdiqlənməlidir.