Deputat Səttar Mehbalıyevin oğlu İsfəndiyar Mehbalıyev Dubayda yaşayırmış. Məlumdur ki, bu haqda jurnalist Cavanşir Həsənli yazıb.
Tribuna.az bildirir ki, deputat oğlu Marsa Dubay kompleksində ailəsi ilə birlikdə həyatını davam edir. O, sabiq PA məmuru Əli Həsənovun qızı ilə evlidir. Hətta deputatın gəlini Dubayda bahalı aksessuar, qızıl zinət əşyaları və “Rolex” saatlarının satışı mağazası açıb.
Deputatın oğlu isə 2022-ci ildən BƏƏ-də minimum 2 milyon dirhəm (1 milyon manata yaxın) əmlak investisiyası dəyərində verilən 10 illik “Golden Visa” ilə yaşayır. Xatırladaq ki, İsfəndiyar Mehbalıyev bu binada hər birinin sahəsi 80,49 m² olan iki mənzil (156986391 və 156989399 kadastr nömrəli,
1001 və 1401 saylı) alıb.
İsfəndiyar Mehbalıyev vaxtilə Qaradağ rayon polis şöbəsinin rəisi olub. Onun adı həmçinin Madinat Jumeirah Living (MJL) yaşayış kompleksində mülkiyyət sahibləri arasında da keçir. Bu kompleksdə 2 otaqlı mənzillərin qiyməti 3 milyon – 4.5 milyon AED (təxminən 815 min – 1.2 milyon ABŞ dolları), 3 otaqlı mənzillərin qiyməti isə 4.5 milyon AED-dən başlayaraq 7 milyon AED-ə (təxminən 2 milyon dollar) qədər yüksəlir.
Deputat ailəsinin üzvlərinin xaricdə əmlak əldə etməsi özlüyündə qanun pozuntusu demək deyil. Ancaq söhbət dövlət vəzifəsində çalışmış şəxsin ailə üzvündən, onun polis xidmətində olduğu dövrdə xarici ölkədə rezidentlik əldə etməsi iddiasından və Dubayda bir neçə daşınmaz əmlakdan gedirsə, bu məsələlərin ictimai maraq doğurması təbiidir.
Ekspertlər qeyd edirlər ki, hazırda yayılan materiallarda pulların konkret mənbəyi — məsələn, biznes gəliri, bank krediti, ailə kapitalı, maaş və ya başqa gəlir — sənədlərlə ortaya qoyulmur.
Mətbuatda onun keçmişdə polis və dövlət strukturlarında vəzifə tutduğu, əmlak investisiyası əsasında BƏƏ-də uzunmüddətli yaşayış statusu əldə etdiyi barədə məlumatlar da yayılıb. Bu səbəbdən jurnalistlər onun əmlakının dəyəri ilə rəsmi gəlirləri arasında uyğunluq məsələsini gündəmə gətirirlər.