BMW və "Mercedes-Benz" zavodlarında istehsal dayandırıldı

Almaniyanın metallurgiya və elektrotexnika sənayesində çalışan işçilər bu həftənin sonunda keçiriləcək növbəti danışıqlar ərəfəsində əməkhaqqının artırılması tələbi ilə yenidən tətilə çıxıblar.

Xarici mətbuata istinadən, etiraz aksiyaları ölkənin iri avtomobil zavodlarını da əhatə edib.

Məlumata görə, tətillər səbəbindən BMW və "Mercedes-Benz" zavodlarında istehsal dayandırılıb. "Stellantis" qrupuna daxil olan və Almaniyanın şərqindəki Ayzenax şəhərində yerləşən "Opel" zavodunun işçiləri isə müəssisənin tarixində ilk dəfə olaraq 24 saatlıq tətilə başlayıblar.

Nüfuzlu "IG Metall" həmkarlar ittifaqı tərəfindən elan edilən xəbərdarlıq tətilləri cümə günü başlayıb və çərşənbə axşamına qədər davam edəcək.

Çərşənbə günü isə həmkarlar ittifaqının nümayəndələri sahə üzrə təxminən 3,7 milyon işçini əhatə edən kollektiv danışıqların növbəti raundu üçün işəgötürənlərlə görüşəcəklər.

Qeyd edək ki, "IG Metall" bir il ərzində əməkhaqlarının 5 faiz artırılmasını tələb edir.