Rusiyanın Şeremetyevo hava limanında 80 yaşlı kriminal avtoritet Valiko Cedeya saxlanılıb.
Bu barədə “Prime Crime” nəşri məlumat yayıb.
Məlumata görə, kriminal aləmdə “Qanuni oğru” Valter kimi tanınan Valiko Cedeya uzun illər Monteneqroda yaşayıb. Lakin vizasının müddəti başa çatdığı üçün ölkəni tərk etmək məcburiyyətində qalıb. Rusiya vətəndaşı olan Cedeya Ermənistandan Moskvaya göndərilib.
Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşılaşarkən o, “qanuni oğru” olub-olmaması barədə suala cavab verməyib.
Nəşrin məlumatına görə, yaşlı kriminal avtoritet Moskvaya ikitərəfli pnevmoniya ilə gəlib. Əməliyyatdan sonra isə ölkəni tərk edəcəyinə söz verib.
Valiko Cedeya yaşlı nəslin nüfuzlu gürcü “qanuni oğrularından” biri hesab olunur. O, 1990-cı illərdə Rusiyanın Uzaq Şərq bölgəsində və Saxalində kriminal axınlara nəzarət edib. Həmin dövrdə Uzaq Şərqdə təsir dairələrinin bölüşdürülməsi uğrunda Yevgeni Vasin (Cem) ilə rəqabət aparıb.