Son vaxtlar bəzi icra başçılarının bazarlarda, küçələrdə və digər ictimai məkanlarda vətəndaşlarla birbaşa ünsiyyət qurmasını əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olur.
Bu cür görüşlər bir tərəfdən məmurların xalqa yaxınlaşması və problemləri yerində dinləməsi baxımından müsbət addım kimi qiymətləndirilsə də, digər tərəfdən onların nə dərəcədə səmimi və nəticəyönümlü olması suallar doğurur.
Bəs məmur-vətəndaş münasibətlərində qarşılıqlı etimadın formalaşması üçün hansı amillər vacibdir? Azərbaycanda vətəndaşların dövlət məmurlarına etimadına təsir edən əsas problemlər hansılardır?
Milli Məclisin deputatı Razi Nurullayev Sfera.az-a açıqlamasında deyib ki, məmurla vətəndaş arasında birbaşa ünsiyyətin qurulması, insanların problemlərinin yerində dinlənilməsi müsbət yanaşmadır:
“Məmurla vətəndaş arasında birbaşa ünsiyyətin qurulması, insanların problemlərinin yerində dinlənilməsi, təbii ki, müsbət yanaşmadır. Vəzifəli şəxslərin, o cümlədən icra başçısının kabinetdən çıxaraq bazarda, küçədə, kənddə və ya digər ictimai yerlərdə vətəndaşlarla görüşməsi normal idarəçilik praktikasının bir hissəsidir və belə də olmalıdır. Ancaq burada əsas məsələ görüşün harada keçirilməsi deyil, hansı məqsədə xidmət etməsidir”.
O qeyd edib ki, vətəndaş məmurun qarşısında özünü sərbəst hiss etməli, problemini çəkinmədən ifadə edə bilməlidir:
“İnsanlarla görüş əvvəlcədən hazırlanmış ssenariyə, kameralar qarşısında nümayişə çevrilməməlidir. Səmimiyyət vətəndaşın sözünü kəsmədən dinləməkdən, onun narazılığını normal qarşılamaqdan və qaldırılan məsələyə konkret münasibət bildirməkdən başlayır. Bəzən vətəndaşın problemini həll etmək həmin anda mümkün olmur. Amma ona problemin səbəbini izah etmək, hansı qurumun məsuliyyət daşıdığını göstərmək və həllin konkret vaxt çərçivəsini müəyyənləşdirmək mümkündür”.
Parlamentari vurğulayıb ki, mühüm məsələ verilən vədlərin icrasıdır:
“Əgər bir məmur vətəndaşla görüşür, onun şikayətini dinləyir, kameralar qarşısında müəyyən tapşırıqlar verir, lakin bir müddət sonra həmin problem həll olunmursa, bu görüşün ictimaiyyət üçün heç bir real əhəmiyyəti qalmır. Əksinə, belə hallar vətəndaşın dövlət orqanlarına inamını daha da azaldır. Ölkəmizdə məmurla vətəndaş arasında etimadın formalaşmasına mane olan əsas səbəblərdən biri insanların müraciətlərinə bəzən formal yanaşılmasıdır. Vətəndaş eyni problemlə bağlı bir neçə qurumun qapısını döyməli olur, bir-birinə yönləndirilir, konkret cavab ala bilmir. Digər tərəfdən, bürokratik maneələr, süründürməçilik, qərarların icrasında şəffaflığın yetərli olmaması və bəzi hallarda vəzifəli şəxslərin vətəndaş qarşısında hesabatlılıq hissinin zəifliyi də etimad məsələsinə təsir göstərir”.
“Unutmaq olmaz ki, dövlət məmurunun əsas vəzifəsi vətəndaşa xidmət etməkdir. Məmurun nüfuzu onun ətrafında neçə nəfərin dayanması, sosial şəbəkələrdə nə qədər görüntüsünün yayılması ilə deyil, rəhbərlik etdiyi ərazidə insanların həyatında hansı müsbət dəyişiklikləri yaratması ilə ölçülür. Məncə, belə görüşlərin nəticəsini qiymətləndirmək üçün sadə bir meyar var: görüşdən sonra vətəndaşın problemi həll olunubmu? Əgər olunubsa, bu, idarəçilik baxımından nəticədir. Olunmayıbsa, deməli, görüləsi iş hələ çoxdur. Ən başlıcası, vətəndaş məmurun onu dinləmək üçün deyil, problemini həll etmək üçün gəldiyinə inanmalıdır. Etimadın təməli də məhz budur”, –deyə deputat vurğulayıb.