“TotalEnergies”ə Azərbaycanda yeni rəhbər təyin olundu

Fransanın “TotalEnergies” şirkətinin Azərbaycandakı “TotalEnergies Absheron B.V.” törəmə şirkətinə yeni baş direktor təyin olunub.

Kredit.az-a istinadən, bu vəzifəyə neft-qaz sektorunda 25 ildən artıq beynəlxalq təcrübəyə malik Bertrand Szymkowski gətirilib.

Onun LinkedIn profilində hazırda Bakı şəhərində və “TotalEnergies” şirkətində fəaliyyət göstərdiyi qeyd olunur.

Bertrand Szymkowski karyerası ərzində “TotalEnergies”in Argentina, Anqola, Qətər və Böyük Britaniyadakı strukturlarında müxtəlif vəzifələrdə çalışıb. Şirkətin Argentina üzrə rəsmi materiallarında o, 2023-cü ildə Tierra del Fuego aktivinin direktoru kimi təqdim edilib.

Açıq peşəkar bioqrafik məlumatlara əsasən, o, 2023-cü ilin sentyabrından Anqoladakı “Blok 32” layihəsində əməliyyat və biznes strategiyası üzrə direktor vəzifəsini icra edib. Bundan əvvəl isə Argentina, Anqola və Böyük Britaniyada müxtəlif əməliyyat və idarəetmə vəzifələrində çalışıb. Qeyd edək ki, “TotalEnergies” Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Şirkət Xəzər dənizində yerləşən Abşeron qaz-kondensat yatağının işlənməsi layihəsində 35 faiz paya malikdir. Yataqda hasilat 2023-cü ildə başlayıb.