Britaniyalılar həyatlarının təxminən 5 ilini telefonda lentləri vərəqləməklə keçirir

Reels videolarına baxmaq insanların həyatından 5 il alır.

Virgin Media O2 şirkətinin araşdırmasına əsasən, britaniyalılar həyatlarının orta hesabla 4 il 8 ayını məqsədsiz şəkildə smartfonlardan istifadə etməklə keçirirlər.

6 mindən çox insan arasında keçirilən sorğu göstərib ki, telefonda sərf olunan vaxtın 36 faizi konkret məqsəd olmadan edilən hərəkətlərin payına düşür. Bu isə gündə təxminən 1 saat 26 dəqiqə deməkdir.

Ən çox məqsədsiz şəkildə sosial şəbəkə lentlərini vərəqləyən insanlar yuxu keyfiyyətinin pisləşməsindən, diqqətin azalmasından və ümumi psixoloji rifahın zəifləməsindən şikayət edirlər. Təxminən 14 milyon britaniyalı smartfon qarşısında keçirdiyi vaxtın yarıdan çoxunu konkret məqsəd olmadan sərf edir.

Sorğuda iştirak edənlərin 40 faizindən çoxu telefon və internet istifadəsinə demək olar ki, nəzarət etmədiklərini, 37 faizi isə qadcetlərdən asılı olduqlarını düşündüklərini etiraf ediblər.

Bununla yanaşı, respondentlərin 51 faizi bildirişlərin onları smartfonlarını daha tez-tez yoxlamağa vadar etdiyini, 40 faizi isə sonsuz sürüşdürmə funksiyasının və videoların avtomatik oynadılmasının onlayn keçirdikləri vaxtı artırdığını bildirib.

Tədqiqatçılar vurğulayırlar ki, problem təkcə istifadəçilərin şəxsi vərdişləri ilə deyil, həm də insanları rəqəmsal platformalarda daha çox vaxt keçirməyə sövq edən sistemin quruluşu ilə bağlıdır.