Britaniyada məşhur reperin konsertində gözyaşardıcı qazdan istifadə edilib

Böyük Britaniyanın Mançester şəhərində amerikalı reper Don Toliverin konserti zamanı naməlum şəxs gözyaşardıcı qazdan istifadə edib.

Bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə tamaşaçılar arasında təşvişə və izdihama səbəb olub. Nəticədə reper çıxışını vaxtından əvvəl dayandırmaq məcburiyyətində qalıb.

Hadisə yerinə təcili yardım və digər fövqəladə xidmətlərin əməkdaşları cəlb olunublar.

Mançester polisi konsert iştirakçıları arasında ciddi xəsarət alanların olmadığını açıqlayıb.

Qeyd edək ki, hadisənin baş verdiyi “Co-op Live” qapalı arenası 23,5 min tamaşaçı tutumuna malikdir və Böyük Britaniyanın ən böyük qapalı konsert məkanı hesab olunur.