Rusiyanın Kiyev yaxınlığındakı yaşayış binasına zərbəsi nəticəsində 11 nəfər ölüb - Yenilənib

Rusiya ordusunun Ukraynanın Kiyev vilayətinin Dımer qəsəbəsindəki yaşayış binasına endirdiyi zərbə nəticəsində qurbanların sayı 11 nəfərə yüksəlib.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verdiyinə görə, bu barədə Kiyev vilayəti polisi məlumat verib.

"Hazırda 11 nəfərin həlak olduğu məlumdur, onların arasında azyaşlı qız da var. Daha iki nəfər itkin düşmüş hesab olunur. Yeddi vətəndaş xəsarət alıb, onların arasında iki uşaq var", – Telegram kanalındakı məlumatda deyilir.

Hadisə yerində operativ xidmətlər fəaliyyət göstərir.

Ukraynanın Kiyev vilayətinin Dımer qəsəbəsində beşmərtəbəli yaşayış binasına Rusiyanın endirdiyi zərbə nəticəsində 6 nəfər həlak olub.

Bu barədə Ukraynanın "24 Kanal" telekanalı məlumat yayıb.

Hadisə noyabrın 22-də səhər saatlarında Rusiyaya məxsus pilotsuz uçuş aparatının (PUA) yaşayış binasına hücumu nəticəsində baş verib. Zərbə nəticəsində beşmərtəbəli binanın girişlərindən biri dağılıb və yanğın başlayıb.

Hazırda xilasedicilər dağıntıları təmizləyir və dağıntılar altında qala biləcək şəxsləri axtarırlar.

Bundan əvvəl dağıntılar altından təxminən 14 saat qalmış 7 yaşlı oğlan uşağı xilas edilib.

Hücumun nəticələri ilə bağlı məlumat dəqiqləşdirilir.