İngiltərənin cənub-şərqində yerləşən Barnem kəndinin sakinləri simvolik referendumda Böyük Britaniyanın tərkibindən çıxmağı dəstəkləyiblər. Səsvermə yaxınlıqdakı aviabazada sığınacaq axtaran şəxslərin yerləşdirilməsi planları ilə əlaqədar keçirilib.
Bu barədə "Times" qəzeti məlumat yayıb.
Səsvermədə kənd sakinlərinin təxminən yarısı iştirak edib. Ayrılmağın lehinə 257 nəfər, əleyhinə isə 16 nəfər səs verib. Daha bir bülleten etibarsız hesab edilib.
Nəticələr elan olunduqdan sonra kilsə şurasının üzvü və yerli sakinlər assosiasiyasının rəhbəri Helen Bek Barnemin yeni bayrağını təqdim edib. Bayraqda Suffolk qraflığında geniş yayılmış çöl qaçağanı təsvir olunub. Quşa Endi Barnem adı verilib.
Referendumun nəticələri hüquqi qüvvəyə malik deyil. Bundan əvvəl Piddinqton sakinləri də analoji simvolik səsvermə keçiriblər. Daha bir neçə İngiltərə yaşayış məntəqəsi isə qaçqınların hərbi obyektlərdə yerləşdirilməsi planlarına etiraz olaraq bu nümunəni təkrarlamaq niyyətində olduğunu açıqlayıb.(Publika.az)