Niderlandın Haaqa şəhərindəki məhkəmə Çinin BYD şirkətinin “Ti7” modelinin Avropa İttifaqı ərazisində satışını qadağan edən ilkin qərar qəbul edib.
Hakim avtomobilin xarici görünüşünün “Jaguar Land Rover” (JLR) konserninin əqli mülkiyyət hüquqlarını pozduğu qənaətinə gəlib.
Qərara əsas səbəb kimi modelin “Land Rover Defender” yolsuzluq avtomobilinin səciyyəvi və asanlıqla tanınan dizayn elementlərini təkrarlaması göstərilib.
Məhkəmə iddiasına Britaniyanın internet saytında BYD-nin “Ti7” modelinin sifarişlərinin qəbuluna başlanılması səbəb olub. Avtomobilin tədarükünə 2027-ci ilin yanvarında başlanması nəzərdə tutulurdu. Çində isə bu model ötən ildən “FangChengBao Ti7” adı ilə satılır.
Ekspertlər və avtomobil nəşrləri iki model arasındakı oxşarlığın əsasən bucaqlı kuzov formasında, düz damda, şaquli kuzov proporsiyalarında, baqaj qapısının dizaynında, kvadrat təkər tağlarında və arxa sərnişin qapılarının arxasındakı kuzov rəngli bütöv paneldə özünü göstərdiyini bildirirlər.
Satış qadağası bir həftə sonra qüvvəyə minəcək. Əqli mülkiyyət hüquqları ilə bağlı əsas məhkəmə araşdırması başa çatanadək BYD-yə Macarıstandakı yeni zavodunda da bu modelin yığılması qadağan edilib. Həmin müəssisədə kütləvi istehsalın 2027-ci ilin əvvəlində başlanması planlaşdırılır.
Bununla belə, hakim qərara alıb ki, məhkəmənin yurisdiksiyası Çin şirkətinin Britaniyadakı bölməsinə şamil edilmir.
BYD şirkəti qərarla qəti şəkildə razılaşmadığını və ondan apellyasiya şikayəti verəcəyini açıqlayıb. Şirkət nümayəndələri “Ti7” modelinin dizaynının müstəqil şəkildə hazırlandığını və JLR-in hüquqlarını pozmadığını iddia edirlər.