Ukrayna ordusundan gözlənilməz əks-hücum

“Ayı tələsi” ilə 14 kənd azad edildi, Rusiyanın mühasirə planı alt-üst oldu

Ukrayna Silahlı Qüvvələrinin (USQ) Xarkov vilayətinin şimalında həyata keçirdiyi “Ayı tələsi” adlı unikal əks-hücum əməliyyatı nəticəsində 14 yaşayış məntəqəsi və 204 kvadratkilometr ərazi azad edilib.

Ukrayna mediası və ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) son hesabatına görə, bu əməliyyat Rusiya komandanlığının Xarkov istiqamətində Ukrayna bölmələrini mühasirəyə almaq planlarını tamamilə alt-üst edib.

Ukraynanın 475-ci əlahiddə hücum alayının yaydığı rəsmi xronikaya və hərbi mənbələrin məlumatına görə, qarşıdurmanın tarixçəsi belə olub:

2026-cı ilin iyun ayının sonunda Rusiya qoşunları Xarkov vilayətinin şimal sərhədini yararaq əraziyə daxil ollib. Kreml komandanlığı bu əməliyyata “Ayı bucağı” adı verib. Məqsəd Ukrayna bölmələrini təcrid edərək hissə-hissə məhv etmək imiş. Buna cavab olaraq Ukraynanın “Falanqa” çoxdomenli əməliyyat mərkəzi tərəfindən “Ayı tələsi” əks-hücum planı hazırlanıb. Əməliyyatın əsas icraçısı “Flint” ləqəbli zabitin komandanlıq etdiyi 475-ci əlahiddə hücum alayı olub. Əsas aktiv faza sentyabrın sonlarından başlayaraq son həftələrdə uğurla yekunlaşıb.

ISW-nin hesabatında və Ukrayna hərbçilərinin açıqlamalarında əməliyyatın uğurunu təmin edən mühüm hərbi yeniliklərə diqqət çəkilir. Belə ki, Ukrayna bölmələri zirehli texnikanın dəstəyi ilə Olxovatka (Vilxuvatka) istiqamətində aldadıcı hücuma keçərək Rusiya komandanlığını əsas zərbənin məhz buradan endiriləcəyinə inandırıb. Ruslar dərhal həmin bölgəyə böyük ehtiyat qüvvələr cəmləşdirib və elə bu an Ukrayna ordusunun kütləvi zərbə dronlarının yaratdığı “ölüm zonasına” düşərək darmadağın edilib.

Hücum zamanı ABŞ istehsalı olan “M1 Abrams” tankları, “Bradley” piyada döyüş maşınları və modernləşdirilmiş “T-80” tankları hücum qrupları ilə birgə effektiv şəkildə tətbiq edilib. Ukrayna qüvvələri “Starlink” rabitəsinin işləmədiyi ərazilərdə belə xüsusi şəbəkə rabitə relelərindən istifadə edərək dronlar vasitəsilə cəbhə xəttindən 30 kilometr dərinliyə qədər rusların logistika yollarını uzaqdan minalayıb. Nəticədə irəlidəki Rusiya bölmələrinin təchizatı və geri çəkilmə yolları tam kəsilib.

Əməliyyat zamanı ilk dəfə olaraq yaralı ukraynalı əsgərlərin ön xətdən təxliyəsi üçün “StarGate” adlı ağır yükqaldıran pilotsuz uçuş aparatlarından istifadə olunub. 475-ci hücum alayının komandiri, polkovnik-leytenant Aleksandr Nastenko təsdiqləyib ki, əməliyyat nəticəsində Komissarovo, Şirokoye, Çornoye də daxil olmaqla ümumilikdə 14 yaşayış məntəqəsi işğaldan azad edilib. Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri də “Ayı tələsi”ni regionda keçirilən ən uğurlu hərbi əməliyyatlardan biri adlandıraraq şəxsi heyətə təşəkkür edib.

Amerikalı analitiklər vurğulayırlar ki, Rusiya Müdafiə Nazirliyi və Kremlin təbliğat maşını son həftələr Xarkov istiqamətində guya “minlərlə ukraynalı hərbçini mühasirəyə aldıqları” barədə reallıqdan uzaq bəyanatlar yaymaqda və Qərbi bu uydurma cəbhə xətti əsasında danışıqlara razı salmağa çalışmaqda davam edirdi. “Ayı tələsi” əməliyyatı isə Kremlin bu informasiya manipulyasiyasını tamamilə ifşa edib.

Qeyd edək ki, bu, Ukrayna ordusunun son aylardakı yeganə uğurlu əks-hücumu deyil. Ötən ay – oktyabrda Ukraynanın 3-cü Ordu Korpusu Donetsk vilayətinin Liman istiqamətində keçirdiyi “Vivaldi” əməliyyatı nəticəsində 16 yaşayış məntəqəsini və 277 kvadratkilometr ərazini azad etmişdi.