“Paşinyan növbədənkənar seçkilərdə də hazırkı nəticələrindən də yaxşı göstərici əldə edəcəyinə, hətta parlamentdə konstitusyon üstünlüyə nail olacağına inanır...”
Azad Vətən Partiyasının sədri Akif Nağı Moderator.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın yeni Konstitusiya təşəbbüsü, referendumun keçirilməsi perspektivi və bunun Azərbaycanla sülh prosesinə mümkün təsirləri barədə sualları cavablandırıb.
O, Ermənistanda mövcud vəziyyətin bir tərəfdən mürəkkəb, digər tərəfdən isə kifayət qədər aydın olduğunu bildirib. Qeyd edib ki, Paşinyan gedişlərini sadə düsturla müəyyınləşdirir: Konstitusiyaya dəyişiklik edilməsi və bundan sonra Azərbaycanla sülh müqaviləsinin imzalanması... Lakin baş nazirin bu istiqamətdə sona qədər gedib-getməyəcəyi, verdiyi vədlərə əməl edib-etməyəcəyi hələ də sual altındadır.
Akif Nağının sözlərinə görə, burada əsas məsələ Paşinyanın həqiqətən Azərbaycanla sülh müqaviləsi imzalamaq və sülh şəraitində yaşamaq istəyib-istəməməsidir. Yoxsa o, Konstitusiya dəyişikliyi və sülh müqaviləsi məsələlərindən daxili siyasi mübarizədə, xüsusilə də müxalifətə qarşı istifadə etməyə çalışır? Məqsədi rəqiblərini susdurmaq, onların mövqelərini zəiflətmək ola bilər.
Partiya sədri hesab edir ki, hazırda iki mümkün ssenari mövcuddur. Birinci ssenariyə görə, Paşinyan revanşist qüvvələrdən referendumun keçirilməsi üçün tələb olunan səsləri almağa çalışır. Onun bunun üçün 4-5 səsi çatmır. Bunun üçün parlamentdə müvafiq qərarın qəbul edilməsinə nail olmaq və referenduma getmək istəyir.
O, bu prosesdə revanşist qüvvələrin də müəyyən siyasi imkanlara malik olduğunu vurğulayıb: “Parlament seçkilərinin nəticələri göstərdi ki, onların reytinqi kifayət qədər yüksəkdir. Revanşist qüvvələr həm Rusiyanın açıq dəstəyinə malikdirlər, həm də ətraflarında azı 10 siyasi partiyanı birləşdirən böyük bir blok formalaşdırıblar. Onların ciddi maliyyə imkanları da var. Bununla belə, Paşinyan həmin qüvvələr üzərində qələbə qazanıb. Son yerli seçkilərdə də üstünlüyünü qoruyub saxlayıb”.
Akif Nağı hesab edir ki, Paşinyan referendum keçirəcəyi təqdirdə, ictimai dəstəyə arxalanaraq istədiyi nəticəni əldə edə biləcəyini düşünür. Onun fikrincə, Paşinyan üçün geri çəkilmək uduzmaq variantı yoxdur. Referendum keçirilsə və revanşist qüvvələr səsvermədə iştirak etsələr belə, baş nazir istədiyi nəticəyə nail olacağına ümid edir. Bu halda isə revanşistlərin mövqelərini ciddi şəkildə zəiflətmək və onları siyasi proseslərdən kənarlaşdırmaq imkanı əldə edə bilər.
Partiya sədri ikinci mümkün ssenariyə də diqqət çəkib. Onun fikrincə, parlamentdə referendumun keçirilməsi üçün lazımi səslər toplanmasa, növbədənkənar parlament seçkiləri təyin oluna bilər. Akif Nağı hesab edir ki, Paşinyan yeni seçkilərdə hazırkı nəticələrindən də yaxşı göstərici əldə edəcəyinə, hətta parlamentdə konstitusyon üstünlüyə nail olacağına inanır. Bu isə ona Konstitusiya dəyişikliyi və referendumun keçirilməsi ilə bağlı qərarı müxalifətin iştirakı olmadan qəbul etdirmək imkanı verə bilər.
Akif Nağı vurğulayıb ki, bütün bu ssenarilər Paşinyanın əsas siyasi məqsədinin nədən ibarət olduğunu göstərir: “Mən hesab edirəm ki, Paşinyanın əsas məqsədi sülh prosesi deyil, onun başlıca hədəfi özünə uyğun siyasi sistem formalaşdırmaqdır. Bu, həm müxalifətlə, həm də kilsə ilə münasibətlərə aiddir. Bildiyiniz kimi, o, kilsəyə qarşı da müəyyən addımlar atır. Məqsədi kilsənin rəhbərliyinə özünə yaxın şəxslərin gəlməsinə nail olmaqdır. Bu, onun siyasi maraqlarına uyğundur”.
O, Paşinyanın siyasi partiyalarla bağlı da özünəməxsus sistem qurmağa çalışdığını bildirib. Qeyd edib ki, baş nazir Rusiyadakı siyasi modelə bənzər şəkildə, hakimiyyətin müəyyən etdiyi çərçivələr daxilində fəaliyyət göstərən, lakin real siyasi rəqabət yaratmayan müxalifət formalaşdırmaq istəyir. Belə bir sistemdə müxalifətə müəyyən fəaliyyət imkanları verilsə də, əsas siyasi qərarların qəbulunda aparıcı rol hakim partiyada- hakimiyyətdə qalacaq.
Partiya sədri düşünür ki, Paşinyan bu istiqamətdə irəliləyir və məqsədinə nail olacaq. Lakin əsas sual onun bu prosesi nə qədər müddətə başa çatdıracağıdır. Akif Nağının fikrincə, baş nazir müxtəlif bəhanələrlə Konstitusiya dəyişikliyi və referendum prosesini uzada bilər.
“Bilirsiz ki, baş nazirin verdiyi vədə əsasən Ermənistanın yeni Konstitusiya layihəsi noyabrın 23-də dərc olunmalıdır. Amma ola bilər ki, yenə də nəsə bəhanə tapıb vaxtı uzatsınlar” –deyən siyasətçi xüsusilə referendumun keçirilməsi üçün zəruri prosedurların vaxt aparacağını diqqətə çatdırıb:
“Bu prosesdə müvafiq qərarların hazırlanması, qanunvericilik prosedurlarının yerinə yetirilməsi və digər təşkilati məsələlər müəyyən müddət tələb edir. Paşinyan isə bu müddəti uzatmaq üçün müxtəlif əsaslar irəli sürə bilər...”
Akif Nağı referendumla bağlı prosesin uzun və qeyri-müəyyən xarakter ala biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, ölkənin müxtəlif bölgələrində müzakirələrin və ictimai dinləmələrin keçirilməsi, əhalinin mövqeyinin öyrənilməsi və digər prosedurlar bəhanə edilərək proses aylarla, hətta bir ilə qədər uzadıla bilər.
O, bir daha vurğulayıb ki, Paşinyanın əsas məqsədi hakimiyyətini möhkəmləndirmək və ölkədə siyasi sistemi öz maraqlarına uyğun dəyişdirməkdir. Bununla belə, sülh prosesinin də müəyyən mənada onun maraqlarına xidmət etdiyini bildirib. Çünki Ermənistanla Azərbaycan arasında sülh əldə olunmadan regional əməkdaşlıq, kommunikasiyaların açılması və digər mühüm məsələlərin həlli mümkün olmayacaq.
Akif Nağı qeyd edib ki, istər Trampın irəli sürdüyü təşəbbüslər, istər Azərbaycanla münasibətlərin inkişafı, istərsə də Türkiyə ilə kommunikasiyaların açılması məsələləri sülh prosesi ilə birbaşa bağlıdır. Bu baxımdan Paşinyan həmin istiqamətdə də müəyyən addımlar atmağa çalışacaq.
“Ancaq mən yenə də hesab edirəm ki, onun üçün birinci dərəcəli məsələ Ermənistanda mövcud siyasi rejimi və idarəçilik sistemini öz istəklərinə uyğun şəkildə dəyişdirmək, hakimiyyətini möhkəmləndirməkdir”, – deyə Akif Nağı fikirlərini yekunlaşdırıb.