Yaxın illərdə Azərbaycanın da əhatə olunduğu qlobal məlumat mübadiləsi sisteminin formalaşmasını və dövlətlərarası informasiya mübadiləsinin tamamilə yeni mərhələyə keçməsini müşahidə edəcəyik.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü, İT üzrə mütəxəssis Fərid Kazımov deyib.
O qeyd edib ki, Azərbaycanda artıq dövlətlərarası məlumat mübadiləsinin əsasları formalaşdırılıb:
“Artıq bəzi qonşu dövlətlərlə bu istiqamətdə proseslərə başlanılıb və əməkdaşlıq gələcəkdə daha da genişlənəcək. Necə ki, bu gün bank kartları vasitəsilə dünyanın müxtəlif ölkələrində ödənişlər həyata keçirə bilirik, məlumat mübadiləsi sahəsində də oxşar qlobal sistemin formalaşması istiqamətində irəliləyiş olacaq”.
Azərbaycanda rəqəmsal hökumətin inkişafı
Fərid Kazımov bildirib ki, son illərdə Azərbaycanda elektron hökumətin inkişafı qlobal Rəqəmsal Hökumət 2.0 konsepsiyasına uyğun şəkildə davam etdirilir Bu, həm vətəndaşlara, həm də hüquqi şəxslərə və digər xidmət istifadəçilərinə göstərilən xidmətlərin onlayn formaya keçirilməsini və yeni prinsiplər əsasında qurulmasını, eyni zamanda dövlət qurumları arasında məlumat mübadiləsinin vahid prinsiplər əsasında təşkilini və idarə olunmasını nəzərdə tutur.
Onun sözlərinə görə, görülən işlər nəticəsində Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində (EHİİ) 36 pillə irəliləyərək 38-ci mövqeyə yüksəlib.
“Hazırda Azərbaycanda bir neçə mühüm proses həyata keçirilir. İlk növbədə, ölkədə vahid “rəqəmsal pəncərə” modelinin tətbiqinə başlanılıb və bununla bağlı bu il müvafiq qərar da qəbul edilib. Bildiyiniz kimi, bütün dövlət xidmətlərinə giriş “mygov” platforması üzərindən təmin olunur. Lakin bu, bütün xidmətlərin “mygov”un vahid serverində yerləşdirilməsi demək deyil. “mygov” sadəcə vahid giriş pəncərəsi rolunu oynayır. Əslində, xidmətlər müvafiq dövlət qurumları tərəfindən hazırlanır və idarə olunur. “mygov” isə bu xidmətlərin vətəndaşlara təqdim edildiyi vahid vitrin funksiyasını yerinə yetirir”, - deyə o bildirib.
Mütəxəssis ikinci mühüm məsələnin Azərbaycan daxilində məlumatların vahid rəqəmsal mühitdə toplanması və yerləşdirilməsi olduğunu qeyd edib:
“Bu sistem çərçivəsində məlumatlar vahid formatda saxlanılır və hər bir dövlət qurumunun öz səlahiyyətlərinə aid olan məlumatlara çıxışı təmin edilir. Məsələn, hər hansı dövlət qurumu müəyyən dövlət siyasətini həyata keçirərkən vətəndaşlar və ya hüquqi şəxslər haqqında zəruri məlumatlardan istifadə edə bilir. Burada əsas prinsip hər bir qurumun yalnız fəaliyyət istiqamətinə uyğun məlumatlara çıxış əldə etməsidir.
Elektron hökumətin inkişafı ilə bağlı digər mühüm məqam onlayn xidmətlərin müəyyən prinsiplər əsasında qurulmasıdır. Azərbaycanda dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması istiqamətində işlər aparılır. Məqsəd vətəndaşların hər hansı xidmət üçün fiziki olaraq dövlət qurumuna getməsi, qapısını döyməsi və ya kağız sənədlər təqdim etməsi zərurətini aradan qaldırmaqdır. Başqa sözlə, kağızsız və oflayn müraciətə ehtiyac olmayan dövlət modelinə doğru irəliləyirik”.
Bu proses davam edir və onun ən maraqlı tərəflərindən biri xidmətlərin ayrı-ayrılıqda deyil, həyat hadisələri əsasında rəqəmsallaşdırılmasıdır”.
Dövlət xidmətləri həyat hadisələri əsasında rəqəmsallaşdırılır
F. Kazımov qeyd edib ki, uşağın doğulması, vətəndaşın vəfat etməsi və ya pensiyaya çıxması kimi həyat hadisələri ilə bağlı sənədlər və xidmətlər vahid sistemdə qruplaşdırılır və rəqəmsallaşdırılır. Onlar konkret həyat hadisəsi ilə bağlı hansı sənədlərin tələb olunduğunu və həmin sənədləri onlayn əldə etməyin mümkünlüyünü əvvəlcədən bilirlər.
Mütəxəssis nümunə olaraq doğum haqqında şəhadətnamənin və pensiyanın avtomatik rəsmiləşdirilməsini göstərib.
“Uşaq doğulduğu zaman doğum evindən müvafiq məlumatlar sistemə ötürülür, valideynlərin məlumatları daxil edilir və doğum haqqında şəhadətnamə avtomatik formalaşdırılır. Yəni vətəndaşın şəhadətnamə almaq üçün ayrıca müraciət etməsinə ehtiyac qalmır. Sənəd artıq sistemdə hazır olur. Valideynlər öz şəxsi hesablarına daxil olaraq həmin sənədi kompüterlərinə və ya telefonlarına yükləyə, zərurət yarandıqda istifadə edə bilirlər”, - o deyib.
Kazımov bildirib ki, eyni yanaşma pensiya təminatı sahəsində də tətbiq olunur:
“Əvvəllər vətəndaş pensiyaya çıxmaq üçün müvafiq quruma müraciət etməli, məlumatları təqdim etməli və pensiyanın hesablanmasını gözləməli idi. Bu, kifayət qədər uzun və mürəkkəb proses idi. İndi isə proses tam olaraq avtomatlaşdırılır. Həyat hadisəsi baş verdikdə, yəni vətəndaş pensiya yaşına çatdıqda, müvafiq məlumatlar əsasında pensiya avtomatik hesablanır. Vətəndaş əlavə müraciət etmədən şəxsi hesabına daxil olaraq pensiyasının məbləğini görə bilir. Daha sonra vətəndaş pensiya kartını əldə edə və ödənişləri ala bilir”.
O əlavə edib ki, təhsil sənədləri də rəqəmsal formada sistemdə yerləşdirilir. Vətəndaş ali və ya orta təhsil müəssisəsini bitirdikdən sonra diplomunu şəxsi hesabından yükləyə bilir.
Fərid Kazımov elektron hökumətin inkişafında “bir dəfə” prinsipinin də mühüm əhəmiyyət daşıdığını bildirib.
“Vətəndaş haqqında hər hansı məlumat artıq formalaşdırılıbsa və dövlətin vahid informasiya sistemində mövcuddursa, həmin məlumatın hər dəfə yenidən vətəndaşdan tələb olunmasına ehtiyac yoxdur.
Məsələn, hər hansı dövlət qurumu vətəndaşın yaşayış yeri haqqında məlumat əldə etmək istəyirsə və bu məlumat müvafiq sistemdə mövcuddursa, vətəndaşdan əlavə arayış tələb edilməməlidir. Eyni qayda təhsil sənədlərinə də aiddir. Əgər vətəndaş ali təhsil alıbsa və diplomu sistemdə mövcuddursa, işə qəbul zamanı ondan həmin diplomu ayrıca təqdim etmək tələb olunmamalıdır.
Müvafiq dövlət qurumu vətəndaşın FİN kodu vasitəsilə sistemə daxil olaraq onun diplomunun mövcudluğunu, nömrəsini və digər zəruri məlumatları yoxlaya bilər. Beləliklə, vətəndaşın eyni sənədi dəfələrlə əldə etməsi, bir dövlət qurumundan digərinə aparması və təqdim etməsi zərurəti aradan qalxır.
Bu prinsip dövlət xidmətlərinin göstərilməsində təkrarçılığı azaldır, prosesləri sadələşdirir və vətəndaşlar üçün daha rahat, çevik xidmət mühiti yaradır”.
Azərbaycanın rəqəmsallaşmada üstünlükləri
Kazımov bildirib ki, Azərbaycanın rəqəmsallaşma sahəsində həyata keçirdiyi tədbirlər digər ölkələrdə görülən işlərlə eyni ümumi konsepsiyaya əsaslanır. Bununla belə, ölkənin bu prosesdə bir neçə üstünlüyü var:
Onun sözlərinə görə, ilk üstünlük Azərbaycanın kompakt ölkə olmasıdır. Bu, iş proseslərinin daha qısa müddətdə və sürətlə həyata keçirilməsinə imkan yaradır.
Mütəxəssis ikinci üstünlüyün son iki ildə rəqəmsallaşmaya xüsusi diqqət yetirilməsi olduğunu deyib:
“Bu istiqamətdə bir sıra mühüm sənədlər qəbul etmişik. Bunlara Süni İntellektdən İstifadə Strategiyası, Rəqəmsal İqtisadiyyat Strategiyası, eləcə də son dövrlərdə qəbul edilmiş Rəqəmsal Arxitekturanın Təkmilləşdirilməsi Strategiyası və digər sənədlər daxildir.
Bu, rəqəmsallaşma istiqamətinin birbaşa ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu göstərir. Konkret hədəflər və göstəricilər müəyyənləşdirilib. Bu da prosesləri daha sürətlə həyata keçirməyə və mövcud maneələri aradan qaldırmağa imkan verir.
Məsələn, Rəqəmsal Arxitekturanın Təkmilləşdirilməsi prosesinə baxaq. Bu istiqamətdə onlarca qanuna dəyişiklik edildi. Bir neçə ərzində onlarla qanuna dəyişikliklər həyata keçirildi. Rəqəmsal hökumətin və innovasiyaların inkişafı, biznesin qurulması, Azərbaycanda innovativ ixrac potensialının artırılması istiqamətində müasir trendləri nəzərə alan mühüm qərarlar qəbul edildi.
Burada xüsusilə diqqətçəkən məqam dəyişikliklərin həyata keçirilmə sürətidir. Belə böyük həcmli işlərin qısa müddətdə reallaşdırılması həqiqətən də yüksək nəticədir. Proses sistemli şəkildə aparıldı: yaz aylarında ölkə rəhbərinin iştirakı ilə müvafiq tədbir keçirildi, yay aylarında qanunvericilik dəyişiklikləri ilə bağlı işlər görüldü, sənədlər hazırlandı, növbəti aylarda Milli Məclis tərəfindən təsdiqləndi və sonda ölkə rəhbəri tərəfindən imzalandı.
Bu, qısa müddət ərzində böyük həcmdə və sistemli dəyişikliklərin həyata keçirilməsi baxımından təqdirəlayiq addımdır”.
Fərid Kazımov hesab edir ki, bu dinamika beynəlxalq reytinqlərdə də nəzərə alınır:
“Bu o demək deyil ki, bir ölkə rəqəmsallaşma istiqamətində 10 il ərzində inkişaf edir, digər ölkə isə eyni nəticələrə bir-iki ilə nail olur və bu iki yanaşma eyni qiymətləndirilməlidir. Qısa müddətdə böyük irəliləyiş əldə edən ölkənin bu istiqamətdə nümayiş etdirdiyi siyasi iradə, inkişaf tempi və həyata keçirdiyi siyasət də qiymətləndirmədə mühüm rol oynayır. Çünki həmin ölkə rəqəmsal inkişaf sahəsindəki prioritetlərini və konkret nəticələr əldə etmək əzmini nümayiş etdirmiş olur.
Üçüncü məsələ Azərbaycanın rəqəmsallaşma sahəsində real olaraq çox sürətlə inkişaf etməsidir. Hətta deyə bilərəm ki, bugünkü “mygov” platformamız aparıcı Avropa ölkələrində tətbiq olunan analoji rəqəmsal xidmət platformalarından geri qalmır, bəzi hallarda isə onları üstələyir.
Burada söhbət inkişaf etmiş ölkələrdən, aparıcı Qərb dövlətlərindən gedir. İstifadəçi və ya tədqiqatçı kimi bu platformaları müqayisə etsək, görərik ki, həmin ölkələrdə tətbiq olunan modellərlə Azərbaycandakı model arasında ciddi fərqlər var. Biz bu istiqamətdə öz inkişaf tempimizi dəyişirik və beynəlxalq reytinqlərdə də bütün bu amillər nəzərə alınır. Azərbaycanın əldə etdiyi irəliləyişin səbəblərindən biri də məhz budur”.