Avropada antibiotiklərə qarşı davamlılığı ilə seçilən təhlükəli “superbakteriya” Klebsiella pneumoniae-nin daha geniş yayılması riski realdır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu bakteriyanın, xüsusilə karbapenemlər və digər antibiotiklərə qarşı davamlı ştammlarının Avropada yayılmasından narahatdır.
Təşkilatın açıqlamasında bildirilib ki, yoluxma hallarının artması səhiyyə müəssisələrində antibiotiklərə davamlı bakteriya ştammlarının yayılması ilə əlaqəlidir.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) bakteriyanın Avropa İttifaqı və Avropa İqtisadi Bölgəsi ölkələrində yayılma ehtimalını yüksək qiymətləndirir. Xüsusilə daha yüksək virulentliklə əlaqəli genetik markerlər daşıyan ştammların yayılması diqqət çəkir.
ÜST əsas təhlükənin bakteriyanın xəstəxanalar və digər səhiyyə müəssisələrində yayılması olduğunu vurğulayıb.
Qeyd edilib ki, Avropa İttifaqı ölkələrində qida istehsalında istifadə olunan heyvanlarda antibiotiklərə davamlı bu bakteriyanın aşkarlanma səviyyəsi aşağıdır.