"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

Sumqayıtda, Əli Kərim adına Poeziya Evində "Ulduz" dərgisinin böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutu,"Təhsil Nəşriyyat Poliqrafiya" MMC və dərginin birgə layihəsi kimi işıq üzü görən xüsusi buraxılışının təqdimatı keçirilib.

"Ulduz" jurnalından kulis.az- a verilən məlumata görə, tədbirdə filologiya üzrə elmlər doktoru, Sumqayıt şəhər deputatı Elnarə Akimova, "Ədəbiyyat" qəzetinin redaktoru Azər Turan, "Təhsil" nəşriyyatının direktoru Tural Axundov, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərli, Prezidentin fərdi təqaüdçüsü, şair Ofeliya Babayeva, Nizami Gəncəvi adına Ədəbiyyat İnsititunun alimləri, "Ulduz" jurnalının kollektivi, SDU-nin müəllim və tələbələri, "Ulduz" jurnalının Rusiya təmsilçilərindən Günay Səma Şirvan və Estoniya təmsilçisi Xaqani Qayıblı iştirak ediblər.

Tədbiri giriş sözü ilə İbrahim İlyaslı açaraq Xaqani buraxılışının gərəkliliyindən söz açıb. Daha sonra "Ulduz"un baş redaktoru Qulu Ağsəs Prezident sərəncamından irəli gələn, Aygün Bağırlı və Təranə Vahidin səyi nəticəsində toplanıb ərsəyə gələn xüsusi buraxılışın yaranmasından danışıb. Çıxışlarında: Xaqani - zaman, məkan, dövr; Xaqani və müasirlərimiz; Xaqaninin tədqiqi və s. kimi mövzulara toxunan Elnarə Akimova, Azər Turan, Aygün Bağırlı, İmamverdi Həmidov, Elnarə Zeynalova, Fəridə Əzizova, Könül Hacıyeva, Vaqif Yusifli, Təranə Vahid və digər natiqlərin fikirləri maraqla dinlənilib.

Xanəndə və qiraətçilərin ifaları tədbirə rəng qatıb.