Onlarla insana məxsus 600 illik məzarlıq tapıldı: birinin qalıqları alimləri çaşdırdı

Peruda arxeoloqlar 600 ildən çox müddət ərzində toxunulmaz qalmış qədim məzarlıq aşkar ediblər. Qazıntılar zamanı 38 insanın qalıqları, müxtəlif silahlar, qiymətli bəzək əşyaları və dini mərasimlərdə istifadə edilən əşyalar tapılıb.

Xarici mediaya istinadən, məzarlıq Perunun paytaxtı Limadan təxminən 560 kilometr şimalda, Truxilyo şəhəri yaxınlığında yerləşən, inklərdən əvvəlki dövrə aid qədim Çan-Çan şəhərində aşkarlanıb.

Perunun Mədəniyyət Nazirliyi bildirib ki, tapılan məzarlıq Amerikanın kəşfindən əvvəlki dövrdə mövcud olmuş Çimu mədəniyyətinə aiddir və altı əsrdən çox müddətdə demək olar ki, toxunulmaz vəziyyətdə qalıb.

Qədim məzarlıqda nələr tapılıb?

Fox News Digital-a Perunun Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilən fotoşəkillərdə müxtəlif qədim keramika qabları, naxışlarla bəzədilmiş küplər və üzərində heykəl fiqurları olan saxsı əşyalar görünür. Digər görüntülərdə isə məzarlıq kompleksinin yuxarıdan görünüşü, onun otaqları, divarları və pilləkənləri əks olunub.

Nazirliyin məlumatına görə, dəfn kompleksi üç kameradan ibarət olub. Mərkəzi kamerada bir nəfərin qalıqları aşkarlanıb. Onun ətrafında dəniz qabıqlarından və metaldan hazırlanmış müxtəlif əşyalar yerləşdirilib. İkinci kamerada silahlar və metal nişanlar, üçüncü kamerada isə 20 insanın qalıqları tapılıb. Ümumilikdə qazıntı sahəsində 38 nəfərin qalıqları aşkar edilib.

Bir skelet alimləri təəccübləndirib

Arxeoloqların diqqətini xüsusilə bir skelet cəlb edib. Belə ki, həmin şəxs digər insanlardan fərqli olaraq, tam uzadılmış vəziyyətdə dəfn olunub. Çimu mədəniyyətində ölülər adətən bükülmüş və ya oturaq vəziyyətdə dəfn edilirdi. Bu səbəbdən həmin skeletin qeyri-adi vəziyyətdə olması alimlər arasında yeni suallar yaradıb.

Perunun Mədəniyyət Nazirliyinin açıqlamasında bildirilir ki, bu xüsusiyyət həmin şəxsin hansı şəraitdə öldüyü ilə bağlı müxtəlif ehtimalların araşdırılmasına səbəb olub. Tədqiqatçılar onun dini mərasim zamanı qurban verilmiş ola biləcəyini və ya eyni məzarlıqda dəfn edilən digər şəxslərdən sosial statusuna görə ciddi şəkildə fərqləndiyini ehtimal edirlər. Lakin bu versiyaların heç biri hələlik təsdiqlənməyib.

Qəbirlərdən qiymətli əşyalar çıxarılıb

Məzarlıqda metal baş bəzəkləri, sırğalar, boyunbağılar, oyma naxışlı taxta qutular, dəniz qabıqları və kvarsdan hazırlanmış mərasim əşyaları da aşkar edilib. Bəzi insan qalıqlarının baş nahiyəsində qırmızı piqment izləri müəyyən olunub. Perulu mütəxəssislərin sözlərinə görə, belə piqmentlər And bölgəsinin qədim cəmiyyətlərində yalnız yüksək sosial statusa malik şəxslərin dəfn mərasimlərində istifadə edilirdi. Bu tapıntı məzarlıqda nüfuzlu və yüksək təbəqəyə mənsub insanların dəfn olunduğu ehtimalını gücləndirir.

600 illik insan qalıqları necə araşdırılacaq?

Alimlər bildirirlər ki, əsrlər ərzində zamanın və sahilyanı ərazilərdəki rütubətin təsirinə məruz qalan insan qalıqları son dərəcə kövrək vəziyyətdədir. Buna görə də skeletləri və digər üzvi materialları məzarlıqdan çıxarmazdan əvvəl onların mövcud vəziyyəti ətraflı şəkildə sənədləşdirilməlidir.

Nazirliyin məlumatına əsasən, arxeoloqlar əvvəlcə yüzlərlə fotoşəkil çəkərək məzarlığın detallı üçölçülü (3D) modelini hazırlayacaqlar. Bundan sonra insan qalıqları və tarixi əşyalar xüsusi ehtiyatla, əl ilə çıxarılacaq.

Perunun Mədəniyyət Nazirliyinin arxeoloqu Xorxe Meneses bildirib ki, bu kəşf Çimu mədəniyyətinin qədim dəfn ənənələrini öyrənmək üçün nadir imkan yaradır. Onun sözlərinə görə, indiyədək Çimu mədəniyyətinin yüksək təbəqəsinə aid məzarlıqlar barədə məlumatlar əsasən müstəmləkəçilik dövründən etibarən talan edilmiş və dağıdılmış dəfn komplekslərindən əldə olunurdu. Belə məzarlıqlarda arxeoloji materialların ilkin yerləşmə vəziyyəti pozulmuş, qiymətli əşyalar isə müxtəlif kolleksiyalara və muzeylərə aparılmışdı.

“İndi arxeoloqlar təxminən 600 il əvvəl bu dəfn platformasında yerləşdirilmiş insanları və əşyaları məhz ilkin vəziyyətlərində araşdırmaq imkanı əldə ediblər”, – deyə Meneses bildirib.

Peruda qədim sivilizasiyanın yeni izləri aşkarlanır

Perunun Mədəniyyət Nazirliyi araşdırmaların bütün nəticələrini Çimu sivilizasiyası və onun dəfn mərasimlərinə həsr olunacaq kitabda dərc etməyi planlaşdırır. "Fox News" xatırladır ki, zəngin qədim tarixə malik Peruda son illərdə bir sıra mühüm arxeoloji tapıntılar üzə çıxarılıb. Ötən yay Limada qaz kəməri çəkən kommunal xidmət işçiləri yer səthindən cəmi yarım metr dərinlikdə təxminən 1000 il yaşı olan, yaxşı qorunmuş qadın mumiyası aşkar ediblər. 2025-ci ilin avqustunda isə paytaxt Limada təbii qaz layihəsi üçün xəndək qazan işçilər bir gün ərzində yaşı təxminən 1000 il olan iki qədim məzar tapıblar.

Alimlər hesab edirlər ki, bu cür tapıntılar qədim Peru sivilizasiyalarının həyat tərzi, dini inancları, sosial quruluşu və dəfn ənənələri barədə yeni məlumatlar əldə etməyə imkan yaradır.