Türkmənistanda ucuz ərzaq növbəsinə duranlar qorxudulur

Türkmənistanda subsidiyalı qiymətlərlə satılan ərzaq məhsullarının qıtlığı davam edir. Bəzi bölgələrdə sakinlər uzun növbələrdən, məhsul çatışmazlığından və hüquq-mühafizə orqanlarının təzyiqlərindən şikayətlənirlər. Bu məlumatı Türkmənistan Helsinki İnsan Hüquqları Fondu (THF) yayıb.

Qurum vəziyyətin xüsusilə Lebap vilayətində ağır olduğunu bildirir. Dövlət mağazalarında ət və digər ərzaq məhsulları çox vaxt tapılmır, güzəştli qiymətlərlə satış isə yalnız müəyyən saatlarda aparılır. Yerli sakinlərin sözlərinə görə, məhsul ehtiyatları əksər hallarda cəmi 40-50 alıcıya çatır, qalanları isə evlərinə əliboş qayıtmalı olurlar.

Noyabrın 15-də bölgənin bazarlarında sümüklü ətin bir kiloqramı təxminən 110 manata (53 AZN), ördək əti 45 manata, toyuq budu 16 manata, dondurulmuş ət isə 35 manata satılıb.

"Azattyq Asia" yazır ki, hüquq müdafiəçiləri dövlət qiymətləri ilə ərzaq almağa çalışan vətəndaşlara təzyiq göstərildiyini deyirlər. Şahidlərin sözlərinə görə, polis və təhlükəsizlik işçiləri mağazanın qarşısındakı növbələri izləyir, alıcıları telefonla çəkir və baş verənləri lentə alanlara xüsusi göz qoyurlar.

Sonradan bəzi sakinlərin izahat vermək üçün yerli icra orqanlarına və ya polis bölmələrinə çağırıldığı bildirilir.

Daşoğuz vilayətindən də oxşar xəbərlər gəlir. THF-nin məlumatına əsasən, bir neçə kəndin sakinləri təhlükəsizlik qüvvələrinin diqqətini çəkməmək üçün dövlət mağazalarına gedərkən mobil telefonlarını evdə qoyur, yaxud söndürürlər.

Sakinlər güzəştli ərzaqların paylanmasında sui-istifadə hallarının olduğunu da deyirlər. Onlar məhsulların bir hissəsinin ayrı-ayrı məmurların maraqları naminə kommersiya satışına yönəldildiyini ehtimal edirlər. Amma bu iddiaların müstəqil təsdiqi yoxdur.

Türkmənistan Helsinki İnsan Hüquqları Fondu hesab edir ki, ərzaq məhsullarının qeyri-şəffaf bölüşdürülməsi sistemi və alıcılara təzyiqlər vətəndaşların hüquqlarını pozur.

Hüquq müdafiəçiləri dövlət satınalmalarının, ərzaq məhsullarının bölüşdürülməsinin və büdcə vəsaitlərinin xərclənməsinin müstəqil şəkildə yoxlanılmasına çağırırlar.