Qarşıdan qış ayları gəlir. Azərbaycanın bəzi bölgələrində, xüsusilə ucqar kəndlərdə apteklərin olmaması sakinlər üçün ciddi çətinlik yaradır. Belə ki, xəstələnən insanlar dərman almaq üçün bəzən 10-15 kilometr məsafə qət etməli olurlar. Sərt hava şəraitində bu məsafəni qət etmək çətin olmaqla yanaşı, maddi yük də yaradır.
Bəs maraqlıdır, ucqar bölgələrdə aptek çatışmazlığı problemini necə həll etmək olar? Həmin ərazilərdə apteklərin açılması üçün dövlət tərəfindən dəstək mexanizmləri tətbiq edilməli, yaxud səyyar aptek xidmətləri təşkil olunmalıdırmı?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Redaktor.az-a açıqlamasında bildirdi ki, apteklərin hamısı özəl sektora aiddir:
"Belə şəraitdə insanların aptek açarkən onun gəlirliliyini nəzərə alması təbiidir. Əgər hansısa ucqar kənddə dərmanlara tələbat yoxdursa, orada aptek saxlamaq iqtisadi baxımdan real görünmür. Hətta bəzi yerlərdə aptek açılsa belə, fəaliyyətini davam etdirə bilmir".
Ekspert hesab edir ki, belə ucqar kəndlərdə həkim ambulatoriyaları olmalıdır:
"Orada ən azı bir həkim, bir tibb bacısı və ya feldşer fəaliyyət göstərməlidir. Onlar müəyyən tibbi prosedurları, inyeksiyaları icra edə, gecə saatlarında ilkin tibbi yardım göstərə və sakinlərə lazımi tövsiyələr verə bilməlidirlər".
Adil Qeybulla ailə həkimi institutunun formalaşdırılmasının da vacibliyini vurğuladı. Onun sözlərinə görə, kəndlərdə ailə həkimlərinin fəaliyyəti təmin olunmalıdır:
"Lakin hazırda bu institut ölkəmizdə hələ tam formalaşmayıb. Sahə həkimlərinin əksəriyyəti şəhərlərdə fəaliyyət göstərir. Əvvəlki sahə həkimliyi sistemi də artıq öz funksiyasını itirib".
Müsahibimiz qeyd etdi ki, belə bir şəraitdə özəl aptekləri sahibkarların marağı olmadan ucqar ərazilərdə açmağa təşviq etmək asan məsələ deyil:
"Düşünürəm ki, bu istiqamətdə xarici ölkələrin təcrübəsindən istifadə etməliyik. Kəndlərdə müəyyən tibbi imkanlara malik ambulatoriyaların yaradılması məqsədəuyğundur. Hər kənddə və ya bir-birinə yaxın olan iki kəndin əhatə dairəsində belə tibb məntəqələri fəaliyyət göstərə bilər. Bu, ekstremal vəziyyətlərdə ilkin tibbi və həkiməqədər yardımın göstərilməsinə imkan verər".