Yaponiyada yüzlərlə dovşanın sərbəst yaşadığı Okunoşima adası dünyanın müxtəlif ölkələrindən turistləri cəlb edir. Lakin bu mənzərəli məkanın arxasında İkinci Dünya müharibəsi dövrünə aid qaranlıq tarix gizlənir.
“Dovşanlar adası” kimi tanınan Okunoşimaya ötən il təxminən 200 min turist səfər edib. Ziyarətçilərin əksəriyyəti sahilboyu sərbəst gəzən və insanlara alışmış dovşanları görmək, onlarla şəkil çəkdirmək üçün adaya gəlir.
Lakin adanın keçmişi heç də bu mənzərə qədər xoş deyil. 1929-1945-ci illərdə Yaponiya İmperator Ordusu burada gizli kimyəvi silah fabriki fəaliyyət göstərib. İstehsalın gizli saxlanılması məqsədilə Okunoşima hətta rəsmi xəritələrdən də çıxarılıb.
Bu gün adada həmin dövrdən qalan elektrik stansiyasının dağıntıları və kimyəvi maddələrin saxlanıldığı anbarların qalıqları mövcuddur.
Adanın qaranlıq keçmişi Okunoşima Zəhərli Qaz Muzeyində də nümayiş etdirilir. Burada fabrik işçilərinin qaz maskaları, tarixi fotoşəkillər və istehsal avadanlıqları sərgilənir.
Muzeyin direktoru Kazuhito Takahaşinin sözlərinə görə, yerli turistlərin bir çoxu adanın hərbi keçmişi barədə məlumatlı deyil. Onlar əsasən dovşanları görmək üçün gəlsələr də, səfər zamanı məkanın tarixindən xəbər tuturlar.
Tələbələr və turistlər üçün təşkil edilən maarifləndirici ekskursiyalar da adanın keçmişinin tanıdılmasına xidmət edir.
Beləliklə, bu gün sevimli dovşanları ilə məşhur olan Okunoşima həm də Yaponiyanın müharibə tarixinin unudulmaması baxımından diqqət çəkən məkanlardan biridir.