Sloveniya Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirərək turizm, təhsil və əksər iş səfərləri üzrə müraciətlərin qəbulunu dayandırıb. Məhdudiyyətlər noyabrın 16-dan qüvvəyə minib və ölkədən kənarda yaşayan Rusiya vətəndaşlarının da viza müraciətlərinə təsir göstərməyə başlayıb.
Bu barədə viza xidmətləri göstərən “VFS Global” şirkətinin açıqlamasına istinadən məlumat yayıblar.
Yeni qaydalara əsasən, Rusiyada fəaliyyət göstərən Sloveniya viza mərkəzləri artıq turizm və təhsil məqsədli müraciətləri qəbul etmir. Əmək fəaliyyəti ilə bağlı səfərlərin də böyük hissəsi məhdudiyyətlərə daxil edilib.
Bununla belə, müəyyən kateqoriyalar üzrə müraciətlərin qəbuluna davam olunur. Bunlara Avropa İttifaqı vətəndaşlarının ailə üzvlərinə səfərlər, əvvəlcədən səfirliklə razılaşdırılmış işgüzar səfərlər və konfranslar, beynəlxalq yükdaşımalar sahəsində çalışan şəxslərin səfərləri, həmçinin ailə birləşməsi ilə bağlı müəyyən viza müraciətləri daxildir.
Məhdudiyyətlər yalnız Rusiya ərazisindəki viza mərkəzləri ilə məhdudlaşmaya bilər.
Xaricdə yaşayan Rusiya vətəndaşlarına yardım göstərən “Kovçeq” təşkilatının məlumatına görə, Sloveniyanın Serbiyadakı səfirliyi əvvəllər təsdiqlənmiş viza görüşlərini ləğv etməyə başlayıb.
Noyabrın 16–17-də ən azı doqquz müraciətçinin görüşünün ləğv edildiyi, bir nəfərin isə sənədlərinin qəbul olunmadığı bildirilir.
Bununla belə, Sloveniya hökuməti yeni məhdudiyyətlərin bütün xarici diplomatik nümayəndəliklərdə eyni qaydada tətbiq olunacağı barədə ayrıca qərar açıqlamayıb.
Qeyd edək ki, 2025-ci ildə Sloveniya Rusiya vətəndaşlarına cəmi 1 254 Şengen vizası verib. Bunların böyük hissəsi birdəfəlik giriş üçün nəzərdə tutulub.
Avropa İttifaqında da Rusiya vətəndaşlarına viza verilməsi qaydalarının sərtləşdirilməsi müzakirə olunur. Sloveniya Xarici İşlər Nazirliyi noyabrın 16-da Aİ-nin Rusiya ilə bağlı daha sərt və koordinasiyalı viza siyasətini dəstəklədiyini bildirib.
Hazırda məhdudiyyətlərin nə qədər davam edəcəyi açıqlanmayıb. Daha əvvəl verilmiş və qüvvədə olan Şengen vizalarının avtomatik ləğv edilməsi barədə də məlumat yoxdur.