"Günahlarımız, haram yemək-içməyimiz artdıqca xəstəliklərimiz, qəfil ölümlərimiz də çoxalır..."-Cümə bəhsləri

“Məndən sonra zina çoxaldığı zaman qəfil ölümlər də çoxalar...”- Məhəmməd Peyğəmbər(ə.s.)

“Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır...”- Qurani-Kərim

“Bununla belə, heç kimin xəstəliyini mütləq onun günahkar olmasının sübutu kimi təqdim etmək olmaz. Axı Qurani-Kərimin “Bəqərə” surəsinin 155-ci ayəsində Allah insanları qorxu, aclıq, mal və can itkisi ilə imtahana çəkəcəyini bildirir…”

*** *** *** *** ***

Təxminən 25 il öncə İslamla bağlı oxuduğum ilk kitablardan birində Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın hər hansı bir məmləkətdə zina və ribanın (sələmçiliyin, faizli borcvermə və borcalmanın, kreditin) çoxalmasının orada qəfil, səbəbi izaholunmaz ölümlərin artmasına gətirib çıxaracağı haqda bir hədisinə rast gəlmişdim...

O zaman Azərbaycanda əxlaqsızlıq və zinakarlıq tədricən çiçəklənməyə başlayırdı. Gözlənilməz ölümlər isə, ən azı bəndənizin müşahidələrimə görə, o qədər də çox deyildi. Lakin illər keçdikcə, məmləkətimizdə baş verən hadisə və prosesləri izlədikcə Peyğəmbərimizin (ə.s.) bu xəbərdarlığının nə qədər düşündürücü olduğunu daha dərindən anlayırdım.

Təxminən 30-40 il öncə toy gedə-gedə, rəqs edə-edə, yaxud yemək yeyərkən kiminsə qəfil ürək tutmasından, beyin qanamasından və ya başqa bir səbəbdən dünyasını dəyişməsi ilə, demək olar ki, rastlaşmazdıq. Şəxsən bu sətirlərin müəllifi 1980-1990-cı illərdə belə hadisələri xatırlamır. Əlbəttə, bu, həmin dövrdə belə ölümlərin ümumiyyətlə baş vermədiyi demək deyil. Sadəcə, onların bugünkü kimi tez-tez gündəmə gəlmədiyini düşünürəm...

Maraqlıdır ki, artıq 2010-cu illərdən başlayaraq toylarda, digər şənlik və məclislərdə qəfil ölüm xəbərlərin eşidilmə tezliyi yüksəlməyə başladı. Bunun ardınca dərs deyərkən müəllimlərin, avtomobil, o cümlədən ictimai nəqliyyat, taksi və avtobus idarə edərkən sürücülərin, dayanacaqlarda gözləyərkən sərnişinlərin və digər insanların gözlənilməz ölümləri barədə xəbərlər çoxaldı. Daha sonra hərbçilər, polislər, hətta həkimlərin özləri arasında da belə hadisələr diqqət çəkməyə başladı. Son 4-5 ildə isə yeniyetmə və gənclər, məktəblilər və tələbələr arasında qəfil ölüm xəbərləri də ciddi narahatlıq doğurur...

Bu gün mütəmadi olaraq xəbərləri izləyən hər kəs Azərbaycanda müxtəlif yaş və peşə qruplarından olan insanların ən gözlənilməz şəraitlərdə dünyalarını dəyişməsi ilə bağlı məlumatlara tez-tez rast gəlir. Sanki vaxtilə insanı sarsıdan belə xəbərlər artıq gündəlik həyatımızın adi bir hissəsinə çevrilib. Təəssüf ki, intiharlar, boşanmalar və digər mənəvi-ictimai problemlər də sanki adiləşir...

İndi isə bu sətirlərin müəllifi üçün digər səmavi dinlərin müqəddəs kitablarında olduğu kimi, Qurani-Kərimdə və Peyğəmbərimizin (s.ə.s.) hədislərində insanların günahlarının çoxalması nəticəsində Yer üzündə müxtəlif bəla, faciə və xəstəliklərin meydana çıxması barədə deyilənlər sadəcə mücərrəd dini xəbərdarlıq deyil, insanlığı düşündürən ciddi mənəvi həqiqətlər, aksiomlardır...

Baxın, Qurani-Kərimin “Rum” surəsinin 41-ci ayəsində buyurulur:

“İnsanların öz əlləri ilə etdikləri (günahlar) üzündən quruda və dənizdə fəsad meydana çıxdı ki, Allah onlara etdikləri bəzi əməllərin (cəzasını) daddırsın. Bəlkə onlar (günahlarından) qayıdalar…”

“Şura” surəsinin 30-cu ayəsində isə belə deyilir:

“Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər…”

Bu ayələr insanlara açıq xəbərdarlıqdır: əməllərimizin nəticələri yalnız Axirətdə deyil, bu dünyada da qarşımıza çıxa bilər. İnsanların törətdiyi fəsadın, zülmün, haqsızlığın, əxlaqsızlığın və mənəvi aşınmanın ictimai həyat üçün ağır nəticələri olur.

Mövzu ilə bağlı “Sünən İbn Macə” (İbn Macənin hədislər toplusu) əsərində Peyğəmbərimizin (s.ə.s.) nəql edilən çox ibrətamiz bir hədis də var. Abdullah ibn Ömərdən (r.a.) rəvayət olunur ki, Allah Rəsulu (s.ə.s.) buyurub:

“Bir qövm arasında əxlaqsızlıq (fahişəlik və pozğunluq) açıq şəkildə yayılıb hamının gözü qarşısında törədilərsə, onların arasında əvvəlki nəsillərdə görünməmiş taun və xəstəliklər yayılar...”

(Sünən İbn Macə, 4019-cu hədis. Darussalam nəşrində səhih qiymətləndirilib).

Bundan başqa, şiə hədis külliyyatının mühüm mənbələrindən olan Şeyx Küleyninin “Əl-Kafi” (“Kifayət edən”) kitabının 5-ci cildinin 541-ci səhifəsində, “Zina edən şəxs” fəslində Peyğəmbərimizdən (s.ə.s.) belə bir rəvayət nəql olunur:

“Məndən sonra zina çoxaldığı zaman qəfil ölümlər də çoxalar...”

(“Əl-Kafi”, c. 5, səh. 541, hədis 4. Rəvayət İmam Baqirdən (ə) İmam Əlinin (ə) kitabına istinadla Peyğəmbərə (s.ə.s.) aid edilərək nəql olunub. Əllamə Məclisi “Mirat əl-Uqul” əsərində bu rəvayəti səhih qiymətləndirib).

Göründüyü kimi, söhbət yalnız zinadan getmir. Zina, sələmçilik, qumar, yalan, oğurluq, rüşvət, haqsızlıq, ölçüdə və çəkidə aldatma və digər böyük günahlarla yanaşı, haram qida və içkilərdən istifadə də insanın həm fərdi, həm də ictimai həyatına mənfi təsir göstərir.

Baxın, son onilliklərdə Azərbaycanda saxta, keyfiyyətsiz və sağlamlıq üçün təhlükəli məhsullarla yanaşı, Allahın haram buyurduğu qida və içkilərin də istehsalının, satışının və deməli, istehlakının artması barədə narahatlıq doğuran mənzərənin şahidi oluruq. Spirtli içkilər, donuz əti və digər haram məhsullar, eləcə də insan sağlamlığına zərər vuran müxtəlif saxta və qatqılı qidalar süfrələrimizə yol tapır. Təbii ki, bütün bunlar insanın həm mənəvi, həm də fiziki sağlamlığı baxımından ciddi narahatlıq doğurmalıdır…

İnanclı insan üçün günahların, haramların, əxlaqsızlığın və zərərli vərdişlərin yayıldığı bir cəmiyyətdə müxtəlif bəlaların, xəstəliklərin və faciələrin çoxalması barədə düşünməkdə təəccüblü heç nə yoxdur. Başqa sözlə, günah əməllərimizin və haram yemək-içməklərimizin çeşidləri zənginləşdikcə, mənəvi və ictimai fəsadlarımız da dərinləşir. Bu, hər bir xəstəliyin konkret bir insanın günahına görə baş verdiyi anlamına gəlməsə də, cəmiyyət olaraq əməllərimizin nəticələri barədə düşünməyimiz üçün ciddi əsasdır…

Bəzən görürsən, hansısa insan sağlam həyat tərzi sürür, rejimlə yaşayır, mütəmadi idman edir, gigiyena qaydalarına, düzgün qidalanmaya, pəhrizə əməl edir, lakin gözlənilmədən ağır, hətta sağalmaz bir xəstəliyə düçar olur. Tibb elmi belə halları genetik, fizioloji, ekoloji və digər amillərlə izah edə bilər. Teoloji baxımdan isə xəstəlik və müsibətlər insan üçün imtahan, xəbərdarlıq, bəzən də keçmiş əməllərinin nəticəsi ola bilər. Bununla belə, heç kimin xəstəliyini mütləq onun günahkar olmasının sübutu kimi təqdim etmək olmaz. Axı Qurani-Kərimin “Bəqərə” surəsinin 155-ci ayəsində Allah insanları qorxu, aclıq, mal və can itkisi ilə imtahana çəkəcəyini bildirir…

Bəs bütün bunların kökündə nə dayanır? Sözsüz ki, günah və haramlara qurşanmağımızın ən mühüm səbəblərindən biri dildə müsəlman adlansaq da, düşüncə, niyyət və əməllərimizdə dinimizdən — İslamdan uzaqlaşmağımızdır. Bu prosesi isə bir tərəfdən qlobal istehlak mədəniyyəti, mənəvi dəyərləri aşındıran ideoloji təsirlər, digər tərəfdən də milli və dini dəyərlərimizə qarşı çıxan, xaricdən və daxildən idarə olunan və müsəlman dəyər və prinsiplərinə qarşı sistemik mübarizə aparan, inanclı insanlara qarşı müxtəlif bəhanələrlə basqılar yapan şəbəkələr sürətləndirir. Amma bütün məsuliyyəti xarici və daxili təsirlərin üzərinə atmaq da doğru deyil. Ən əvvəl hər birimiz özümüzə, öz əməllərimizə, ailəmizə və cəmiyyətimizə nəzər salmalıyıq...

Bəs çıxış yolu nədir?..

Əlbəttə, ilk növbədə bu sətirləri oxuyan hər kəs özü, ailəsi, qohum-əqrəbası, dost-tanışı və nəhayət, xalqı ilə bağlı baş verənlər haqqında ciddi düşünməli, nəticə çıxarmalıdır. Çıxış yolunun ilk addımı dədə-babalarımızdan miras qalan milli-mənəvi dəyərlərə, eləcə də xalqımızın min ildən artıqdır mənsub olduğu İslamın sağlam dini prinsiplərinə qayıdışdan başlayır.

Amma bu qayıdış yalnız məscidə getmək, dini mərasimlərdə iştirak etmək, təsbeh çevirmək, saqqal saxlamaq və dildə müsəlman olduğunu söyləməklə, nümayiş etdirməklə bitməməlidir. İslamın mahiyyəti əməldə görünməlidir: halal qazanc, halal qida, dürüst ticarət, ailəyə sədaqət, zina və digər əxlaqsızlıqlardan uzaq durmaq, faizdən, kreditdən, rüşvətdən, qumardan, yalandan, oğurluqdan və haqsızlıqdan çəkinmək, yetimə, yoxsula, xəstəyə əl tutmaq, qonşunun haqqını qorumaq, insanlara zülm etməmək!..

Qurani-Kərimin “Əraf” surəsinin 96-cı ayəsində iman və təqva sahiblərinə göydən və yerdən bərəkət qapılarının açılacağı bildirilir. “Nuh” surəsinin 10-12-ci ayələrində isə Nuh peyğəmbərin (ə) öz qövmünü bağışlanma diləməyə çağırdığı, bunun ardınca Allahın onlara yağış, mal-dövlət və övladlarla yardım edəcəyini müjdələdiyi qeyd olunur…

Deməli, çıxış yolu günahdan çəkinməklə yanaşı, həm də tövbə etmək, halal yaşamaq, bir-birimizin haqqını qorumaq, təbiətə və ətraf mühitə məsuliyyətlə yanaşmaq, sağlam həyat tərzi sürmək, tibbi müayinələrdən keçmək, xəstəliklərin profilaktikasına diqqət yetirmək, saxta və təhlükəli qidalara qarşı mübarizə aparmaqdır. Dövlət və cəmiyyət səviyyəsində də qida təhlükəsizliyinə, keyfiyyətli səhiyyəyə, sağlam təhsil və tərbiyəyə, ailə institutunun qorunmasına daha ciddi yanaşılmalıdır…

Əgər özümüzün və gələcək nəsillərimizin sağlamlığını, xoşbəxtliyini istəyiriksə, bütün çətinliklərə rəğmən, müsəlmanlığı dildə deyil, əməldə yaşamalı, Allahın buyurduqlarına əməl etməyə, qadağan etdiklərindən çəkinməyə çalışmalıyıq.

Unutmayaq ki, Allahın rəhmət qapısı tövbə edənlərin üzünə həmişə açıqdır. “Zümər” surəsinin 53-cü ayəsində buyurulur:

“Ey Mənim özlərinə qarşı həddi aşmış bəndələrim! Allahın rəhmətindən ümidinizi üzməyin. Həqiqətən, Allah bütün günahları bağışlayar. O, həqiqətən, bağışlayandır, rəhm edəndir...”

Elə isə nəyi gözləyirik? Daha neçə insanımızın qəfil ölüm xəbərini eşitməli, neçə ailənin faciəsinə şahid olmalıyıq ki, özümüzə gələk? Nə qədər xəstəlik, nə qədər boşanma, nə qədər intihar, nə qədər ailə faciəsi yaşanmalıdır ki, kütləvi mənəvi aşınmanın, deqradasiyanın, tənəzzülün qarşısını almaq barədə ciddi düşünək?..

Bəlkə də, bu gün hər birimizin özündən başlaması üçün ən münasib vaxtdır. Çünki bir xalqın nicatı onun hər bir fərdinin mənəvi oyanışından, hər bir ailənin halal və sağlam həyatından, hər bir insanın öz vicdanı qarşısında hesabat verməsindən başlayır...

Gəlin, ölümün nə vaxt və harada bizi haqlayacağını düşünməklə yanaşı, o günə necə hazırlaşdığımız barədə də düşünək. Çünki sağlam cəmiyyət yalnız sağlam bədənlərdən deyil, hər şeydən əvvəl sağlam ruhlardan, təmiz vicdanlardan, halal süfrələrdən və Allah qarşısında məsuliyyət hissindən yaranır!..