Suların qoynunda gizlənən nağıl şəhəri Halfeti – FOTOLAR

Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsində, Fərat çayının sahilində yerləşən, daş evləri, sirli küçələri və suyun qoynunda gizlənən tarixi ilə diqqət çəkən Halfeti qışın gəlişi ilə öz sakit günlərinə qovuşub. İlin isti aylarında turistlərin axınına məruz qalan bu əsrarəngiz məkan havaların soyuması ilə yenidən əsl “sakit şəhər” görkəminə bürünüb.

Birecik su anbarının inşası zamanı bir hissəsi sular altında qalan Halfeti bu gün həm tarixi irsi, həm də valehedici mənzərələri ilə Türkiyənin ən qeyri-adi turizm məkanlarından biri hesab olunur. 2013-cü ildə Cittaslow Beynəlxalq Koordinasiya Komitəsinin qərarı ilə “Yavaş şəhər” (Cittaslow) şəbəkəsinə daxil edilən bu bölgə özünəməxsus atmosferi ilə ziyarətçiləri heyran edir.

Tarixi daş evləri, sakit küçələri və Fəratın mavi sularına qarışan mənzərələri Halfetiyə nağıl şəhəri təsiri bağışlayır. Buraya gələn turistlər qayıqlarla suyun altında qalmış qədim yaşayış məskənlərinin izlərini seyr edir, əsrlərin yadigarı olan Rumkale qalasına doğru unudulmaz səyahətə çıxırlar.

Halfetinin ən təsirli mənzərələrindən biri isə Savaşan məhəlləsidir. Suların içərisindən yüksələn məscid minarəsi, yarı su altında qalmış tikililər və tərk edilmiş qədim evlər bu məkanı sanki keçmişlə bu günün qovuşduğu məkana çevirir. Ziyarətçilər həmçinin qismən sular altında qalan Böyük Məscidin qalıqlarını görmək və Halfetinin dünyada nadir rast gəlinən, qara rəngli qızılgülü ilə tanış olmaq imkanı qazanırlar.

Yaz və payız aylarında yerli və xarici turistlərin üz tutduğu Halfeti bu il də təxminən 1 milyon ziyarətçini qəbul edib. Lakin qışın yaxınlaşması ilə küçələrdəki izdiham seyrəlib, sahilboyu ərazilər sakitliyə qərq olub. İndi şəhərin gözəlliyini kəşf etmək istəyənlər üçün ən böyük üstünlük izdihamsızlıq, təbiətlə baş-başa qalmaq və Halfetinin ruhunu daha yaxından hiss etməkdir.

Halfeti valisi Sinan Korkmaz bildirib ki, bölgənin təbii gözəllikləri və özünəməxsus sakitliyi bu il turizm mövsümünün olduqca fəal keçməsinə səbəb olub. Onun sözlərinə görə, ziyarətçilərin sayının artması qayıq turları ilə məşğul olan sahibkarların da sayına təsir göstərib.

Korkmaz qeyd edib ki, Halfetidə hər il ölkə daxilindən və xaricdən orta hesabla 1 milyon turist qəbul edilir. Turizm baxımından ən fəal dövrlər yaz və payız aylarıdır. Hazırda payız mövsümünün sonuna yaxınlaşdıqlarını bildirən vali soyuq havalarla əlaqədar turist sayının tədricən azaldığını vurğulayıb.

O, Halfetinin sakit şəhər kimliyinin məhz bu günlərdə daha aydın hiss olunduğunu deyərək qonaqları qışın dincliyində bu bənzərsiz mənzərələri kəşf etməyə çağırıb.

Yerli sahibkarlar isə nisbətən sakit keçən qış aylarını növbəti turizm mövsümünə hazırlıq üçün dəyərləndirirlər.

Görünür, Halfetinin gözəlliyi yalnız izdihamlı yay günlərində deyil. Bəzən bu şəhərin əsl sehri qışın sakitliyində, suya qərq olmuş tarixə baxan daş evlərində və Fəratın üzərində süzülən qayıqların yaratdığı mənzərədə gizlənir. Halfeti qışda da öz ziyarətçilərinə bir şeyi xatırladır: bəzi yerləri görmək yox, hiss etmək lazımdır.