Trampdan Tehrana mesaj: Yeni zərbələr üçün hələ vaxt var

ABŞ prezidenti Donald Tramp İrana qarşı mümkün yeni hərbi zərbələrlə bağlı qərarı 2027-ci ilədək təxirə saldığını açıqlayıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Çinə səfərindən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Tramp Tehran əleyhinə gələcək hərbi addımlarla bağlı qərar verməyə tələsmədiyini və bu məsələyə yanvarın 1-dən sonra qayıtmaq niyyətində olduğunu bildirib: “Yaxşı, bu barədə sizə ilin əvvəlindən sonra danışacağam. Bizim vaxtımız var”.

Bununla yanaşı, Tramp İrana qarşı hərbi əməliyyata başladığına görə peşman olmadığını vurğulayıb — baxmayaraq ki, münaqişə və onun yaratdığı iqtisadi nəticələr noyabrın 3-də keçirilən aralıq seçkilərində respublikaçıların nəticələrinə və Konqresdəki mövqelərinə mənfi təsir göstərib. O həmçinin heç bir dəlil təqdim etmədən İranın kimyəvi və bioloji silah üzərində işlədiyinə dair əlamətlərin olduğunu iddia edib. Tehran isə bu ittihamları rədd edərək onları qorxu yaratmaq və hərbi əməliyyatlara bəraət qazandırmaq cəhdi adlandırıb.

Qeyd edək ki, Ağ Evin bu pauzası fonunda Vaşinqton İrana qarşı dəniz blokadası və iqtisadi sanksiyalar təzyiqini davam etdirir, eyni zamanda İsrail tərəfi İranın nüvə və digər obyektlərinə qarşı yeni zərbələrin bərpasında israrlıdır. Paralel olaraq, Pentaqonun fevralın sonundan bəri İrana qarşı hərbi əməliyyata xərclədiyi vəsaitin artıq 48,3 milyard dollara çatdığı açıqlanıb.