Bu gün Misli premyer-liqasında 2-ci dövrə başlayacaq. Başqa sözlə, 12-ci tura start veriləcək.
Üç gün ərzində keçiriləcək oyunlar “CBC Sport”un efirində canlı yayınlanacaq. “Sumqayıt” – “Sabah” matçını həm də “İdman” TV-də izləmək mümkün olacaq.
Misli premyer-liqası
2-ci dövrə, 12-ci tur
20 noyabr
İmişli – Zirə 0:0
“İmişli”nin bu rəqiblə ev oyunlarının balansı: 2:+0=2-0, 1:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Yevlax, şəhər stadionu. Saat 14.30.
“İmişli” baş məşqçi əvəzi Ervins Perkonsun rəhbərliyi altında qənaətbəxş nəticələr qazanmaqda davam edir. Ortabablar sırasında qərarlaşmağa nail olan Aran təmsilçisi, təbii ki, mövqeyini möhkəmlətmək uğrunda mübarizə aparacaq. “Zirə” isə çətinliklərin öhdəsindən gəlməyə çalışır. İlk “dördlük”dən uzaq düşən “qartallar” səfərdə uğur əldə etməklə iddiasını qorumağa cəhd göstərəcək. Ancaq onsuz da xeyli zədəli futbolçusu olan komanda bugünlərdə Ange Mutsinzinin Ruanda millisinin heyətində sıradan çıxdığı haqda xəbər aldı. Odu ki, “qartallar”ın bu oyuna nə dərəcədə hazır olacağı sual altındadı.
Bu komandalar indiyə qədər 4 dəfə qarşılaşıb. Bunların 3-də qalib müəyyənləşməyib, 1-də qəsəbə təmsilçisi qələbə qazanıb. Topların nisbətində “Zirə” üstündü – 4:2.
Sumqayıt – Sabah
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 15:+5=1-9, 13:28.
2018/19 – 0:1, 1:0; 2019/20 – 1:0, 1:2; 2020/21 – 1:2, 0:2; 2021/22 – 2:0, 0:3; 2022/23 – 0:6, 0:4; 2023/24 – 1:0, 1:2; 2024/25 – 1:0, 3:3; 2025/26 – 1:3.
Cəzali: yoxdu.
“Futbol+”in proqnozu: 25-30-45.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 19.00.
“Sumqayıt”, nəhayət, cari mövsümdə ilk dəfə “Mehdi Hüseynzadə”də meydana çıxacaq. Heç şübhəsiz, burda “kimyaçılar” daha çox tərəfdarından dəstək ala biləcək. Bəlkə bu stadion komandaya daha düşərli ola, sabit uğurlu nəticələr qazanmasına gətirib-çıxara bilər. O başqa məsələ ki, rəqib “Sabah”dı. “Bayquşlar” son oyunlarda xal itkiləri ilə üzləşdiyindən potensial lider statusuyla vidalaşıb. Belədə qonaqların rəqibə aman vermək istəməyəcəyini proqnozlaşdırmaq olar. Düzdü, Valdas Dambrauskasın komandası noyabrın 25-də “Barselona”nı qəbul edəcək. Lakin bu matçda nəinki qələbə, xal qazanmaq belə mümkünsüz göründüyündən “Sumqayıt”la oyunda bütün gücü sərf etmək qorxulu deyil. Axı həm də istirahət üçün vaxt var.
Bu komandalar indiyə qədər 30 dəfə üz-üzə gəlib. Həmin matçların 8-də “kimyaçılar”, 16-da “bayquşlar” qələbə qazanıb, 6-da “sülh” qeydə alınıb. Topların nisbətində “Sumqayıt” öndədi – 57:30.
21 noyabr
Şamaxı – Turan Tovuz
“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 6:+1=2-3, 5:7.
2022/23 – 0:1, 0:1; 2024/25 – 2:2, 0:1; 2025/26 – 0:0, 3:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 25-30-45.
Şamaxı, şəhər stadionu. Saat 14.30.
“Şamaxı” elitada qalmaq hədəfinə doğru inamla irəliləyir. “Şirlər” autsayderlər qrupundan uzaqdadı. Lakin hələ arxayınlaşmaq üçün tezdi. Xüsusən qarşıdan son iki oyunda “Sabah”la “Qarabağ”ı məğlub etməklə çempionluq istəyini ortaya qoyan “Turan Tovuz”la oyun gəlirsə. Təbii ki, “bozqurd” uğurlu nəticələri davam etdirmək üçün tər tökəcək. Son görüşlərdə “Neftçi” və “Sabah”a çətin anlar yaşadan “Şamaxı” isə daha bir güclü rəqibi ilə oyunda özünü yaxşı tərəfdən göstərməyə çalışacaq.
Komandalar indiyə qədər 12 dəfə qarşılaşıb. Bunların 2-də “şirlər”, 5-də “bozqurd” qələbə qazanıb, 5-də qalib müəyyənləşməyib. Topların nisbətində tovuzlular üstündü – 15:13.
Şəfa – Qəbələ
“Şəfa” bu rəqiblə evdə qarşılaşmayıb.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Sumqayıt, “SOCAR Polymer Arena”. Saat 17.00.
Ötən tur “Araz-Naxçıvan”la heç-heçə edən “Şəfa” təhlükəli zonadan uzaqlaşmaq fürsətini boşa verdi. Ancaq daha bir şans var. Bu dəfə “Qəbələ”ni məğlub etməklə xal ehtiyatını artırmaq mümkündü. Sadəcə, “qırmızı-qaralar” da meydana həmin məqsədlə çıxacaq. Rəqibindən bir qədər üstün görünən bölgə təmsilçisi səfərdən müsbət nəticə ilə qayıtmaqla mövqeyini yaxşılaşdırmaq istəyəcək. Diqqət yetiriləsi daha bir məqam isə hər iki komandanın son matçlarda oyun planı baxımından inkişaf etməsidi. Görək, qələbə kimə qismət olacaq?..
22 noyabr
Araz-Naxçıvan – Neftçi
“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 7:+3=2-2, 5:13.
2000/01 – 0:7; 2001/02 – 0:0; 2023/24 – 1:0, 1:0; 2024/25 – 1:1, 2:1; 2025/26 – 0:4.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 25-30-45.
Şamaxı, şəhər stadionu. Saat 14.30.
Baş məşqçi dəyişikliyi, daha dəqiqi, Cavid Hüseynovun Yuri Maksimovla əvəzlənməsi də komanda üçün düşərli olmadı. Qəribə səslənsə də, “Araz-Naxçıvan” hələ mövsümdə ilk qələbəsini qazana bilməyib. Öz aramızdı, bunun “Neftçi” ilə oyunda baş verməsi ehtimalı sıfra yaxındı. Axı lider zirvədə qalmaq üçün əlindən gələni əsirgəməyəcək. Birmənalı şəkildə favorit sayılan “ağ-qaralar” səfərdə mütləq qələbə uğrunda döyüşəcək.
Bu komandalar indiyə qədər 16 dəfə qarşılaşıb. Bunların 4-də Naxçıvan, 7-də Bakı təmsilçisi qalib gəlib. 5 oyunda hərəyə 1 xal düşüb. Topların nisbətində “Neftçi” öndədi – 36:11.
Kəpəz – Qarabağ
“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 32:+12=6-14, 44:41.
1992/93 – 2:1; 1993/94 – 4:1; 1994/95 – 4:1; 1995/96 – 3:1, 0:0*; 1996/97 – 3:1; 1997/98 – 3:2; 1998/99 – 3:0; 1999/2000 – 1:1; 2000/01 – 2:1; 2001/02 – 2:1, 3:0; 2003/04 – 0:1; 2004/05 – 0:1; 2005/06 – 1:2; 2010/11 – 0:1; 2011/12 – 1:2; 2012/13 – 0:0; 2015/16 – 2:3, 1:2; 2016/17 – 1:1, 0:1; 2017/18 – 0:2, 0:1; 2022/23 – 0:1, 1:1. 2023/24 – 1:2, 1:6; 2024/25 – 0:5, 0:0; 2025/26 – 1:0.
* - neytral meydanda keçirilib.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 35-20-45.
Gəncə, şəhər stadionu. Saat 17.00.
Bəlkə də Gəncədə mövsümün ən maraqlı oyunlarından birini izləyəcəyik. Bilet sürətlə satılır, komandalar böyük istəklə bu matça hazırlaşır. “Neftçi” ilə oyunda 6 oyunluq məğlubiyyətsizlik seriyası qırılan “sarı-göylər” “doğma divarlar” arasında uğura imza atmağa çalışacaq. Üstəlik, mümkün qələbə “Kəpəz”in turnir cədvəlində “Qarabağ”ı qabaqlaması ilə nəticələnəcək. Əlbəttə, meydan sahibləri belə önəmli fürsəti əldən vermək istəməyəcək. Çempionluq uğrunda mübarizə aparan “köhlən atlar” isə təbii ki, 4 oyuna çatan qələbə həsrətinə son qoymaq üçün vuruşacaq.
Bu komandalar indiyə qədər 64 dəfə qarşılaşıb. Həmin oyunların 16-da “Kəpəz”, 36-da “Qarabağ” qələbə qazanıb, 12-də qalib müəyyənləşməyib. Topların nisbətində ağdamlılar öndədi – 103:64.
1. Neftçi 11 7 3 1 26-11 24
2. Sabah 10 6 3 1 22-6 21
3. Turan Tovuz 11 6 3 2 12-8 21
4. Qarabağ 10 5 4 1 14-8 19
5. Zirə 11 5 4 2 16-15 19
6. Kəpəz 10 5 2 3 10-10 17
7. Şamaxı 11 3 5 3 17-16 14
8. İmişli 11 3 2 6 9-15 11
9. Sumqayıt 10 2 4 4 13-14 10
10. Qəbələ 11 2 2 7 6-18 8
11. Şəfa 11 2 8 8-20 5
12. Araz-Naxçıvan 11 0 4 7 11-23 4
Bombardir: Breno Almeyda (Neftçi) – 9.
Bu komandaların duelləri ilə bağlı maraqlı məqamlar
// “Zirə” əvvəlki oyunlarda məğlub olmayıb. “İmişli”nin ev matçları heç-heçə başa çatıb.
// “Sabah” son 5 oyunda uduzmayıb. “Sumqayıt” son iki qarşılaşmada xal qazanmayıb.
// Baş tutan yeganə qarşılaşmada “Şəfa” qalib gəlib. “Qəbələ” qol vurmayıb.
// “Şamaxı” son 3 qarşılaşmada uduzmayıb. “Turan Tovuz” 6 səfər görüşündən yalnız birində məğlub olub.
// “Araz-Naxçıvan” 5 oyundu qalib gəlmir. “Neftçi” son 3 qarşılaşmada qələbə qazanıb.
// Son 7 oyunda qol vuran qələbə qazanıb. “Qarabağ” son iki görüşdən xalsız ayrılıb.