13 illik gözləntidən sonra Rockstar Games tərəfindən hazırlanan GTA 6-nın təqdimatı dünya iqtisadiyyatına mümkün təsirləri ilə gündəmə gəlib.
Oyunun çıxışı ilə əlaqədar milyonlarla insanın iş və təhsil qrafikini dəyişəcəyi, bəzi şirkətlərin isə əməkdaşlarına xüsusi məzuniyyət verəcəyi gözlənilir.
Hesablamalara görə, Avstraliyada işçilərin cəmi 1 faizinin məzuniyyət götürməsi bir gündə iqtisadiyyata 70 milyon Avstraliya dolları zərər vura bilər.
GTA 6 həyəcanı artıq şirkətlərin məzuniyyət siyasətinə də təsir edib. Yaponiyanın Pocket Pair şirkəti əməkdaşlarına oyunu rahat oynaya bilmələri üçün beş günlük xüsusi məzuniyyət verib. Logitech isə işçilərinə video oyunları oynamaq üçün bir günlük icazə təqdim edib.
ABŞ-da məhsuldarlıq itkisinin bir gündə 1 milyard dollara çata biləcəyi ehtimal olunur. Bununla belə, iqtisadçılar illik məzuniyyətlərin fərqli tarixlərdə istifadəsinin mütləq iqtisadi itki demək olmadığını bildirirlər.
Digər tərəfdən, GTA 6-nın satışa çıxarıldığı ilk həftədə ən azı 3 milyard 250 milyon dollar gəlir əldə edəcəyi proqnozlaşdırılır.
Mütəxəssislər qeyd edirlər ki, müasir video oyunlar artıq sadəcə əyləncə vasitəsi deyil, milyonlarla insanı bir araya gətirən və qlobal iqtisadiyyata təsir göstərən böyük sənayeyə çevrilib.