Azərbaycan Prezidenti İlham Əliyev iki ölkənin (Azərbaycan və Vyetnam - red) sənaye nümayəndələri arasında əlaqələrin qurulmasına və iqtisadi əməkdaşlığın genişləndirilməsinə dəstək verməklə Vyetnamla münasibətlərin inkişafına töhfə verməkdə davam edir.
Bu barədə Hanoy Universitetinin müəllimi, ədəbiyyat tənqidçisi və tərcüməçi Nquyen Van Cien Trend-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, müharibə dövründə Vyetnama göstərilən yardıma görə Azərbaycan Vyetnam xalqının tarixi yaddaşında xüsusi yer tutur. Belə ki, çoxsaylı vyetnamlı hərbçilər Bakı və Azərbaycanın digər şəhərlərində təlim keçdikdən sonra vətənlərinə qayıdaraq döyüş əməliyyatlarında iştirak ediblər.
"Vyetnamda Azərbaycanda təlim keçmiş, o cümlədən keçmiş zabitlər və hərbçilər arasında hələ də yaşayan insanlar var. Buna görə də Vyetnamda ölkənizi, Bakını və azərbaycanlı hərbçiləri yaxşı tanıyırlar", - deyə o qeyd edib.
İkitərəfli münasibətlərin hazırkı mərhələsindən danışan Van Cien Prezident İlham Əliyevin ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəni vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın dövlət başçısı Vyetnamın sənaye nümayəndələri ilə əlaqələrin qurulmasına və ölkənin iqtisadi inkişafında mühüm rol oynamış əhəmiyyətli sənaye obyektləri ilə tanışlığa dəstək göstərib.
O, buna nümunə olaraq görüşün keçirildiyi məkandan bir qədər aralıda çay üzərində yerləşən Hoa Binh su elektrik stansiyasını göstərib.
"Prezident İlham Əliyev, həmçinin Vyetnamda bu cür obyektlərin tikintisi üçün zəruri olan material və müxtəlif avadanlıqların tədarükünün təmin edilməsində bilavasitə iştirak edib", - deyə Nquyen Van Cien bildirib.
O, Prezident İlham Əliyevin Vyetnama hazırkı səfərinin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə və əməkdaşlıq üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib.
"Düşünürəm ki, Prezident İlham Əliyevin Vyetnama hazırkı səfəri Vyetnam xalqında böyük sevinc doğurur. Bu səfər həm bu gün, həm də gələcəkdə ölkələrimiz arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açır", - deyə Nquyen Van Cien vurğulayıb.
Bundan əlavə, o, mədəni və ədəbi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Onun sözlərinə görə, 2024 və 2025-ci illərdə Azərbaycana səfər edib, o cümlədən Milli Elmlər Akademiyasında və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olub. O, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu bildirib.
Nquyen Van Cien Vyetnamda Azərbaycan ədəbiyyatına marağın artdığını da qeyd edib. Belə ki, bu yaxınlarda Vyetnamda azərbaycanlı müəllifin tanınmış əsərlərindən birinin tərcüməsi nəşr olunub. Kitabın təqdimatı tələbələr və gənclər arasında böyük maraq doğurub, nəşr isə artıq yerli kitab bazarında nadir tapılan kitablardan birinə çevrilib.