Hanoy, 20 noyabr, AZƏRTACAzərbaycan və Vyetnam mədəniyyət, ədəbiyyat və təhsil sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir. Bu baxımdan akademik əlaqələrin genişləndirilməsi, hər iki ölkənin ədəbi irsinin tanıdılması və yazıçılar arasında əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır.Bunu Hanoy Universitetinin müəllimi, ədəbiyyatşünas və tərcüməçi Nquyen Van Syen AZƏRTAC-a müsahibəsində deyib.Onun sözlərinə görə, əməkdaşlığın perspektivli istiqamətlərindən biri Vyetnamda türkologiyanın inkişafıdır. Bu istiqamətdə Türkiyə, Qazaxıstan və Azərbaycanın səfirlikləri ilə Hanoy Universiteti arasında artıq əməkdaşlıq qurulub.“Bir neçə görüş keçirilib və nəticə olaraq türkologiya sahəsində tədris proqramı hazırlanıb. Ümid edirəm ki, gələcəkdə nəzərdə tutduğumuz bütün planları həyata keçirə biləcəyik”, – deyə müsahibimiz qeyd edib.Ədəbi əlaqələrdən danışan Nquyen Van Syen Vyetnam Yazıçılar Assosiasiyası ilə Azərbaycan Yazıçılar Birliyi arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan səfirliyi ilə Vyetnamın yazıçılar təşkilatı arasında artıq yaxşı münasibətlər qurulub və rəhbərliklərlə görüşlər keçirilib.Müsahibimiz bildirib ki, Bakıya səfəri zamanı Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevlə görüşüb. Görüşdə iki ölkənin ədəbiyyat nümayəndələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.Nquyen Van Syen Vyetnam ictimaiyyətinin Azərbaycana marağının artdığını da qeyd edib.“Vyetnamda, xüsusilə də gənclər Azərbaycan haqqında daha çox məlumatlı olmaq istəyirlər. Ölkənizin mədəniyyəti müxtəlif sivilizasiyaların təsiri altında formalaşıb. Bakıya səfərim zamanı şəhərin küçələri və memarlığının rəngarəngliyi məndə xüsusi təəssürat yaratdı”, – deyə o bildirib.Qeyd edək ki, Nquyen Van Syen Vyetnamda Azərbaycan mədəniyyətinin və ədəbiyyatının tanıdılması istiqamətində fəaliyyət göstərir. O, kinorejissor Əjdər İbrahimovun “Vyetnamda gördüklərim” kitabını, 2026-cı ildə isə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından mahnıların mətnlərini Vyetnam dilinə tərcümə edib. Müxbir – Pərvanə Qafarova Video – Ələkbər Baxşıyev