Ay torpağında kartof yetişdirildi

Alimlərin sözlərinə görə, reqolit adlanan Ay torpağı asteroid və kometaların Aya düşməsi nəticəsində yaranmış xırda süxur parçalarından, eləcə də Ay qabığının dağılmış hissələrindən ibarətdir. Tərkibinə və hissəciklərinin quruluşuna görə Yer torpağından əhəmiyyətli dərəcədə fərqlənir. Buna görə də onun Yer florası və faunası üçün nə dərəcədə təhlükəsiz olduğunu əvvəlcədən müəyyənləşdirmək çətindir.

Bu barədə məlumat əldə etmək üçün mütəxəssislər NASA-nın dəstəyi ilə Ay torpağının tam analoqu üzərində bir sıra təcrübələr aparıblar. Nümunələrin bir hissəsinə bitkilər üçün vacib qida maddələri ilə zəngin xüsusi kompost növü əlavə edilib. Daha sonra bioloqlar müxtəlif nisbətlərdə gübrələnmiş torpaqlarda kartof əkərək bitkilərin inkişafını izləyiblər.

Məlum olub ki, kompostun torpağın üçdəbirini təşkil etdiyi nümunələrdə kartof aktiv şəkildə yumrular əmələ gətirib. Kompostun payı 5-15 faizə endirildikdə isə köklərin formalaşması və bitkinin biokütləsinin artması xeyli ləngiyib.

Bununla yanaşı, alimlər Ay torpağının kartof yumrularında zəhərli birləşmələrin toplanmasına səbəb olduğuna və ya onların qida dəyərini azaltdığına dair heç bir əlamət aşkar etməyiblər. Tədqiqatçıların ehtimalına görə, kompost yalnız bitkini qida maddələri ilə təmin etmir, həm də kökləri reqolitdə mövcud olan ağır metalların və digər zəhərli elementlərin təsirindən qoruyur.// oxu.az