Axtarışa verilən Sənan Əsədzadə saxlanıldı

Sənan Əsədzadə Metbuat.az-ın redaksiyasına göndərdiyi məktubda məhkəmələr tərəfindən sübutlara qiymət verilmədən qərar çıxarıldığını iddia edib.

Həmin məktubu təqdim edirik:

"Barəmdə yayılmış xəbərlərlə bağlı bildirirəm ki, barəmdə qanuni qüvvəyə minmiş heç bir məhkəmə hökmü yoxdur və mən ittihamla razı deyiləm.

Ölkəni 6 may 2025-də hava limanından qanuni yolla tərk etmişəm. Cinayət işi bundan 44 gün sonra başlanıb. Ünvanımı və əlaqə məlumatlarımı istintaqa yazılı bildirmişəm, ifadə verməyə hazır olduğumu dəfələrlə yazmışam. Buna baxmayaraq, qanunun xaricdə olan şəxslər üçün nəzərdə tutduğu qaydada mənə heç bir çağırış təqdim edilməyib.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 20 aprel 2026-da barəmdə qiyabi həbs qərarı çıxarıb. Qərarda "sübutların mövcud olduğu" yazılıb, amma heç bir konkret sübut göstərilməyib. Bakı Apellyasiya Məhkəməsi isə 6 oktyabr 2026-da müdafiənin təqdim etdiyi bank köçürmələrini, müqavilələri və yükqaimələrini araşdırmadan bu qərarı qüvvədə saxlayıb. Hesab edirəm ki, bu qərarlar faktiki sübutlara qiymət verilmədən çıxarılıb. Bu məsələ ilə bağlı 15 noyabr 2026-da Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişəm.

Həmin sənədlərə görə alıcılar müqavilələri birbaşa Çin satıcıları ilə bağlayıb və pulu öz hesablarından birbaşa həmin satıcılara köçürüblər, şirkətim yalnız agent olub. İttihamdakı 47 epizoddan 36-da avtomobil alıcıya təhvil verilib, 3-də pul qaytarılıb, 2-də alıcı sifarişdən imtina edib, 2-si isə mülki mübahisədir. Qalan 4 avtomobilin qaytarılması üçün hüquqi proses aparıram.

12 may 2026-da Qahirədə saxlanıldım. 66 gün sonra, 17 iyul 2026-da azad edildim. Ekstradisiya baş tutmadı. Bu gün sərbəst yaşayıram.

İstintaqdan gizlənmirəm. Qanunla nəzərdə tutulan qaydada, video-əlaqə və ya qarşılıqlı hüquqi yardım yolu ilə əməkdaşlığa hazıram".

***

Xəbər verildiyi kimi, ötən il çox sayda vətəndaş tərəfindən Sənan Əsədzadənin xaricdən avtomobil gətirmək adı ilə onlardan vəsait alıb, maşınları gətirmədiyi ilə bağlı şikayətlər yayılmışdı. Daxili İşlər Nazirliyinin 2025-ci ilin noyabrında yaydığı məlumata görə, Sənan Əsədzadənin vətəndaşlara qarşı ümumilikdə 412 min dollarlıq dələduzluq etdiyi məlum olmuşdu və onun barəsində beynəlxalq axtarış elan edilmişdi.

Bizim.media-ya istinadən, Sənan Əsədzadə bu gün Misirin paytaxtı Qahirə şəhərində saxlanılıb.

Qeyd edək ki, 27 yaşlı Sənan Əsədzadə barəsində ümumilikdə 17 epizod üzrə cinayət işi açılıb.