AXA: Müasir suvarma sistemləri 30 min hektar ərazidə tətbiq olunacaq

Azərbaycanda müasir suvarma sistemləri 30 min hektar ərazidə tətbiq olunacaq.

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəis müavini Vüsal Hacıyev Bakıda keçirilən "Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə" adlı konfransda bildirib.

Onun sözlərinə görə, ümumilikdə, məhsul istehsalında dayanıqlığın və rəqabət qabiliyyətinin təmin edilməsi üçün torpağın hazırlanmasından, sağlam və keyfiyyətli toxum seçimindən başlayaraq bütün mərhələlər nəzərə alınmalıdır: "Əsas məqsəd yeni tendensiyaları, müasir texnologiyaları, qlobal inkişaf tələblərini tətbiq edib yüksək məhsuldarlığa nail olmaqdır. Aqronomlar iki istiqamətdə mühüm rol oynayırlar. Birincisi, onlar dövlət proqramında və fəaliyyət planında müəyyən edilmiş hədəflərlə fermerlərin məhsul istehsalı və əldə etdikləri nəticələr arasında körpü rolunu oynayırlar. Eyni zamanda, aqronomlar dövlət proqramında nəzərdə tutulan hədəflərin birbaşa sahə icraçılarıdır.

Aqronomlar karyera inkişafı prosesində də bu istiqamətləri nəzərə alaraq fəaliyyətlərini təkmilləşdirə və yeni istiqamətlər üzrə inkişaf etdirə bilərlər".

"Əsas hədəflərdən biri bitkiçilikdə buğda məhsuldarlığının təxminən 20 % artırılmasıdır. Digər hədəflərə pambıq və cücərti bitkiləri üzrə məhsuldarlığın artırılması, bu sahədə təxminən 17 %-lik artımın təmin edilməsi, həmçinin 30 min hektar ərazidə müasir suvarma sistemlərinin tətbiqi daxildir. Bildiyimiz kimi, müasir suvarma sistemləri bitkilərin inkişafı, sudan səmərəli istifadə və torpaq resurslarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sistemlər həmçinin bitki xəstəliklərinin yayılmasının qarşısının alınmasında, bağlarda və digər əkin sahələrində bitkilərin ətrafındakı rütubət rejiminin qorunmasında mühüm rol oynayır. Eyni zamanda, torpaqdakı mikroorqanizmlərin normal fəaliyyətinə şərait yaradır və torpağın optimal nəmliyinin davamlı şəkildə təmin edilməsinə imkan verir", - deyə AXA rəsmisi qeyd edib.

Bundan başqa, o deyib ki, intensiv bağlarda pestisid yükünün azaldılması üçün bioloji mübarizə genişləndirilməlidir: "İntensiv bağların sahəsinin 50 min hektardan 70 min hektara çatdırılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, intensiv bağlarda çalışan aqronomların üzərinə düşən iş yükü artacaq. Eyni zamanda, bu sahədə fəaliyyət göstərən aqronomlar daha innovativ üsullardan istifadə etməlidirlər. Burada meyvə və çiçəklərin tozlandırılmasında istifadə olunan vasitələr, yeni sortlarla iş, tozlandırıcıların və yeni calaqaltıların seçilməsindən tutmuş müasir gübrələmə rejimləri və bitki mühafizə sistemlərinədək bir çox istiqamət xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan intensiv bağlarda pestisid yükünün azaldılması üçün inteqrir mübarizə sistemlərinin tətbiqi ön plana çıxır. Yüksək toksikliyə malik və kompleks təsirli pestisidlərdən istifadəyə keçməzdən əvvəl bioloji mübarizə və biotexnoloji üsullara üstünlük verilməlidir".

"Məsələn, feromon tələlər vasitəsilə zərərvericiləri müəyyən etmək, iqlim parametrlərindən istifadə etməklə xəstəliklərin yayılma risklərini əvvəlcədən qiymətləndirmək mümkündür. Eyni zamanda, gübrələr və aqrotexniki tədbirlər vasitəsilə bu risklərin qarşısını almaq olar. Bütün bunların nəticəsində pestisid yükü azaldılmış, daha keyfiyyətli və ixracyönümlü məhsul istehsalına nail olmaq mümkündür", - deyə V.Hacıyev əlavə edib.