Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının şousu keçirilib - Yenilənib

Ağdamda Şəhər Günü münasibətilə Qarabağ atlarının şousu keçirilib.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, 20 noyabr - Ağdam Şəhəri Günü münasibətilə Ağdamda təşkil olunan silsiıə tədbirlər davam etdirilir.

Tədbirin davamı olaraq "İmarət Tarix Memarlıq muzey kompleksi"ndə Qarabağ atlarının şousu keçirilib. Muzeyin həyətində atlar üçün nəzərdə tutulan meydanda orkestrin müşayiətilə rəqs nömrələri nümayiş olunub. Atların iştirakı ilə müxtəlif nömrələr göstərilib. Daha sonra "Çövkan" oyunu keçirilib.

Tədbirdə Qarabağ mətbəxinin ləziz təamları şounu izləyən qonaqlara təqdim edilib.

Ağdamda Şəhər Günü münasibətilə silsilə ictimai-mədəni tədbirlər təşkil olunub.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, rayon sakinləri, qonaqlar, eləcə də aidiyyəti qurumların əməkdaşlarının qatıldığı silsilə tədbirlər Qarabağ atlarının şəhər küçələrindən İmarət Kompleksinə doğru yürüşü ilə başlayıb.

Gün ərzində İmarət Kompleksində təşkil olunacaq yarmarkada yerli istehsalçılar və sahibkarlar tərəfindən müxtəlif məhsullar təqdim ediləcək. Tədbirin əsas məqsədi Ağdamın işğaldan azad olunmasını ehtiva edən Zəfər tarixinin yaşadılması, milli-mənəvi dəyərlərin təbliğidir.

Qeyd edək ki, 20 noyabr – Ağdam Şəhəri Gününə həsr olunan tədbirlər Ağdam şəhərində Prezidentin xüsusi nümayəndəliyinin, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Qarabağ Dirçəliş Fondu, Atçılıq Federasiyası və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilir.