Yuxunun müddəti ilə yanaşı, müntəzəmliyi də ürək sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Yeni araşdırmaya görə, hər gün fərqli saatlarda yatmaq infarkt, ürək çatışmazlığı və digər xəstəliklərin riskini artıra bilər.
"ScienceAlert" nəşrinə istinadən, Boston Uşaq Xəstəxanası, Harvard Tibb Məktəbi və Merilend Universitetinin alimləri 10 mindən çox insanın yuxu rejimini araşdırıblar.
Nəticələr göstərib ki, gecə yuxusunun müddətindəki dəyişkənliyin cəmi 29 dəqiqə artması əsas ürək-damar hadisələrinin nisbi riskinin 24 faiz yüksəlməsi ilə əlaqəlidir. Qeyri-sabit yatmaq və oyanmaq saatları isə riski 20-23 faiz artırır.
Araşdırmada qeyri-müntəzəm yuxu rejiminin ürək çatışmazlığı, hipertoniya və ikinci tip diabetlə də əlaqəsi müəyyən edilib.
Alimlər bunu orqanizmin daxili bioloji saatının pozulması ilə izah edirlər. Onların fikrincə, hər gün təxminən eyni vaxtda yatmaq və oyanmaq ürək sağlamlığının qorunmasına kömək edə bilər.
Tədqiqat müşahidə xarakteri daşıdığından, qeyri-müntəzəm yuxunun xəstəliklərə birbaşa səbəb olduğu hələ sübut edilməyib.