“Qardaşım o vertolyotda şəhid olmasaydı, onu daha böyük faciə gözləyirdi- çünki ermənilərə qan uddururdu...

Qarakənd terrorunda həlak olmuş 22 nəfərdən biri də telejurnalist Alı Mustafayevdir.

Milli Qəhrəmanın bacısı Maral Mustafayeva Moderator.az-a özəl açıqlamasında qardaşı ilə bağlı xatirələrini bölüşüb:

“Bu gün Qarakənd terrorundan 35 il ötür.. Bu faciədə mənim qardaşım, Milli Qəhrəman Alı Mustafayev də həlak oldu və şəhidlik məqamına ucaldı.. Alı qardaş kimi mənim xatirimdə həmişə tələskən biri kimi qalıb. Daim işə tələsirdi.. Deyirdi ki, “montaja tələsirəm”, “ezam gedirəm”, “çəkilişə qaçıram”. Onun dilindən bu sözlər əskik olmurdu.. Biz onu evdə çox nadir hallarda görərdik. O daim studiyada olurdu.. Alının çox gözəl şeir yazma qabiliyyəti var idi. Biz bunu bilirdik. Amma o şeirlərini çap etdirmirdi.. Bizə deyirdi ki, “mən hələ ki, sandıq şeirləri yazıram, vaxtı-vədəsi gələndə hər bir şeir öz məqamında üzə çıxacaq”. Bizə şeir oxumazdı.. Yazırdı, kitabxana rəfinə qoyurdu. Orada gizlədirdi.. Alının 5 mindən çox kitabı var idi. O evə gələndə hər gün kitab gətirirdi. Alının təkcə bir şeirini öz səsi ilə eşitmişəm. Bu da 20 yanvar şəhidlərinə həsr etdiyi şeir idi. Şeirin misralarında belə deyilirdi.. “Ulu hörmüz bu ruhları oyandır, dəli bir ağlamaq keçir könlümdən”.. O vaxt 20 yanvar şəhidlərinə ildönümü keçirəndə bu şeiri Alının öz səsi ilə də səsləndirirdilər”.

Maral Mustafayeva bildirib ki, qardaşı dəfərlərlə vertolyot qəzasına düşüb:

“Alı dəfərlərlə vertolyot qəzasına düşüb. Ölümündən öncə bir dəfə də qəzaya düşdü... Hətta böyrəyinin birini də itirdi. Bu lent yazılarında da var.. Ağdamda onların vertolyotunu vurdular, yerə düşdülər və xoşbəxtlikdən o vaxtı sağ qaldılar.. Kadrlardan da görmək olar ki, o qəzadan sonra cırıq paltosunu səliqəyə salır, saçını düzəldir və çəkilişə başlayır. Alı bizə o kadrların necə çətinliklə çəkildiyindən də danışırdı.. Deyirdi ki, “gözlərimin qabağı bağlanırdı, eşitməm yox idi”.. Orada operator Alını bu vəziyyətdə lentə də almışdı.. Onu sonradan Ağdam xəstəxanasına, ordan da Bakıya gətirmişdilər.. Ölümündən bir gün əvvəl isə o İcevan görüşündən gəlmişdi.. Orada da onları öldürmək istəyirdilər.. Bizim əsgərlərimiz onları gecə ilə oradan çıxartmışdılar. Alı orada ermənistan parlamentinin nümayəndələrinə suallar ünvanlamışdı.. Alı erməni parlamentinin nümayəndəsinə orada sual ünvanlayıb soruşubmuş ki, “siz indi hiss edirsinizmi Qarabağ Azərbaycan torpağıdır?”. Onlar da deyirmişlər ki, “biz xahiş edirik belə suallar verməyin”. İcevan görüşündə tam ermənilərin içində olublar. Vertolyotda həlak olmasaydılar onları bəlkə daha da böyük faciə gözləyirdi.. Ermənilərə “qan uddururdu”.. Elə oldu ki, gecə ilə gəldilər.. Gedib Qazaxda anamla görüşmüşdü... Demişdi ki, “bu görüşü gedib montaj edib efirə çatdırmalıyam”. Gecə ilə Qazaxdan Bakıya qayıtdı.. Elə oldu ki, onları səhər-səhər Qarakənddəki görüşə çəkilişə aparırdılar. Getdilər.. Belə bir faciə ilə rastlaşdılar.. Alı ölümdən qorxmurdu.. O dəfələrlə belə qorxulu hadisələrlə rastlaşdı amma əqidəsindən dönmədi.. O vaxt həqiqətən də bizim Qazax zonasında hamı həmrəy olmuşdu.. Bir adamı qoymurdular ki, evini tərk edib çıxıb getsin. Bizdə Kəmərli kəndi var. Ucqar, ermənilərin içində olan bir kənddir. Hər dəfə Alı ora gedəndə o kəndin də ağsaqallarını, ağbirçəklərini danışdırırdı.. Onlar da deyirdilər ki, “biz belə söz ortaya qoymuşuq ki, kim evini atıb kənddən çıxsa, biz onun evini özümüz yandıracağıq, erməniyə imkan verən deyilik”. Bu sözlər Alının çox xoşuna gəlirdi.. Həmişə də deyirdi ki, “sözümüz bir olsa biz düşmənə qalib gələ bilərik.

Maral Mustafayeva bildirib ki, qardaşı şeirlərində şəhid olacağından, zəfərə çatacağımızdan da yazıb:

“Alı əvvəldən şəhid olacağını da şeirlərində göstərirdi, qələbəmizi də tərənnüm edirdi.. Heyif ki, onun çox şeirləri itdi.. Biz kitab halında çap olunması üçün yığıb verdik, bəziləri itib-batdı. Deyərdim ki, heç 30 faizi çap olunmadı.. Onun mən çox şeirini kitablarda görmürəm. O sanki Azərbaycanın bu günlərini görürdü.. Zəfərimizə, bu günümüzə şeirlər həsr etmişdi. İnsan bu qədərmi düşüncəli, dərrakəli ola bilərdi?! Alı qələbəmizə çox inanırdı.. Anam Alı üçün çox qorxurdu.. Deyirdi ki, “ay bala, gedərsən, şəhid olarsan”. Deyirdi ki, “ana, mən getməyim, sən getmə, bəs kim getsin? Vətən varsa, şəhid də olmalıdır”. O bunu soyuqqanlılıqla qarşılayırdı.. Alı ölümdən qorxmurdu.. Alının zəfər şeirləri indi çap olunmalıdır. Heyif ki, onları tapa bilmirəm”.

Maral Mustafayeva bildirib ki, qardaşı Alı Mustafayevin ruhu hər zaman uca tutulur:

“Qardaşımı bu gün heç kim unutmur.. Onun adını daşıyan məktəblərdə, gəmidə, rayonumuzun özündə Alının xatirəsi hər zaman uca tutulur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bütün şəhid ailələrinə çox gözəl münasibət göstərir. Mən bu sözü xoşagəlmək xatirinə demirəm. Onun bu münasibəti səmimidir. Siz jurnalistlər də sağ olun ki, şəhid həmkarınızı unutmağa qoymursuz.. Alının bir şeiri var idi: “Qorxuram bu dünya unuda məni” misraları ilə başlayırdı.. Amma bu gün Alı unudulmur.. Qardaşımın timsalında bütün şəhidlərimizin ruhu şad olsun”.