Ukrayna 2027-ci ildə müdafiə və digər dövlət ehtiyacları üçün 115 milyard dollara ehtiyac duyacaq.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Berlində keçirilən mətbuat konfransında bildirib.
Zelenskinin sözlərinə görə, əvvəlcə Ukrayna 45 milyard dollar tələb olunacağını hesablayıb. Lakin hərbi rəhbərlik və müdafiə naziri ilə məsləhətləşmələrdən sonra əlavə 70 milyard dollara ehtiyac olduğu müəyyənləşdirilib.
“Artıq müsbət siqnallarımız var: 45 + 45 = 90. 90 isə 45-dən 115-ə daha yaxındır. Buna görə də daha 25 milyard tapacağıq”, – Ukrayna Prezidenti bildirib.
O əlavə edib ki, 2028-ci ildə də oxşar məbləğə ehtiyac yarana bilər. Bununla belə, Zelenski müharibənin daha tez başa çatacağına ümid etdiyini vurğulayıb.
Prezident qeyd edib ki, döyüşlər başa çatdıqdan sonra da Ukraynaya güclü ordunun saxlanılması, müdafiə sənayesinin inkişafı, enerji sektorunun və iqtisadiyyatın bərpası üçün vəsait lazım olacaq.