ABŞ Prezidenti Donald Tramp Ukrayna nümayəndələrinin iştirakı olmadan Rusiya Prezidenti Vladimir Putinlə ölkənin gələcəyi barədə razılığa gəlməyəcəyini bildirib.
Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Kiyevin iştirakı olmadan qərarların qəbul edilməsi ehtimalı ilə bağlı suala cavab verən ABŞ lideri Ukrayna Prezidenti Volodimir Zelenski olmadan belə bir addım atmayacağını vurğulayıb.
Bununla yanaşı, Tramp şəxsi münasibətlərinin yaxşı olmamasına baxmayaraq, hər iki ölkə liderinin ortaq dil tapmalı olduğunu qeyd edib:
“Bu iki şəxs bir-birinə nifrət edir, amma ortaq dil tapmalıdırlar. Mən isə hər ikisi ilə yaxşı münasibətdəyəm. Onlar çox fərqli insanlardır. Əgər mən prezident olsaydım və seçkilər saxtalaşdırılmasaydı, bu müharibə heç vaxt başlamazdı”.
ABŞ Prezidenti əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə ona şəxsən təsir edir, lakin bunun ABŞ dövləti üçün ciddi təsirləri olmadığını düşünür. Tramp çıxışının sonunda bir daha hərbi əməliyyatların mümkün qədər tez dayandırılmasına çağırıb.